Sirr deyil ki, Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Müstəqilliyin bərpasından sonra hər iki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji əməkdaşlıqlar keçən müddətdə bütün sahələr üzrə uğurla davam etdirilir. Bu gün, strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan davamlı olaraq öz imkanlarını təqdim etməklə region dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə böyük səy göstərir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Ölkəmizin qısa müstəqillik tarixində sıx əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı özündə ehtiva edən təxminən 120-dən çox sənəd imzalanıb. 8 mart 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iki dost ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək templərlə genişlənir. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. İndiyədək respublikamız Gürcüstana 3,3 milyard dollardan çox investisiya yönəldib. Dost ölkənin ayrı-ayrı şəhərlərində Azərbaycan şirkətlərinin sərmayələri ilə çoxsaylı layihələr reallaşdırılır. Milli şirkətlərimiz bu ölkənin tikinti və xidmət sektorlarında böyük inam qazanmağa müvəffəq olublar. Enerji sektoru əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Hazırda dost ölkədə “SOCAR” brendi ilə çoxsaylı yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan şirkəti Gürcüstanın “mavi yanacaq” təchizatı şəbəkəsində böyük paya sahibdir. Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən də bağlayır. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, tam əminliklə demək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün, artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Əlbəttə ki, bu münasibətlərin dostluq qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə verir. Azərbaycanın yaratmış olduğu yeni reallıqlar, həyata keçirdiyi iqtisadi layihələr, bütövlükdə regionu və əməkdaşlıq etdiyi ölkələrin maraqlarını əhatə edir. Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına, xüsusən də, Avropaya çıxarılması Gürcüstanla formalaşmış ənənəvi münasibətləri yeni bir müstəviyə daşıyır. Artıq, Gürcüstan vasitəsi ilə Avropaya qaz ixracının artırılması və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Bununla yanaşı, elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün imkanlarından da geniş istifadə üçün perspektivlər mövcuddur. Paralel olaraq isə, Asiyadan Qərbə və əksinə daşınan yüklərin artması yeni reallıq yaradıb. Bu baxımdan da, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır ki, bu da yaxın gələcəkdə daha geniş imkanların formalaşmasına zəmin yaradacaqdır. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin iştirakı ilə yeni bir inkişaf konsepsiyasının formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu mənada, Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması üçün mühüm imkanlar yaranıb. Öz növbəsində, rəsmi Tbilisi də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. Yeni əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan−Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu, sabit inkişafının qarantına çevrilib və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir. Bir reallığı unutmaq olmaz ki, Azərbaycan-Gürcüstan dostluğu, Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi