Prezident İlham Əliyev aidiyyəti qurumlara COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı öz tapşırıq və göstərişlərini verib
Ermənistanın COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi dövlətimiz tərəfindən xoş niyyətin təzahürü olaraq qiymətləndirilir. Öz növbəsində Azərbaycan Respublikası da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyib. Bunu iki ölkə arasında sülh prosesində yeni mərhələnin balanğıcı hesab etmək olar. Yəni heç bir kənar dövlət olmadan problemlər birbaş dialoq yolu ilə həll edilir. Bu onu göstərir ki, sülhü regiondan kənarda axtarmaq lazım deyil. Regionun daxilində vasitəçisiz sülh əldə etmək mümkündür. Prezident İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında Ermənistanın bu vəziyyətlə barışdığını qeyd edib. Cənab Prezident deyib ki, COP29 konfransının keçirilməsi bunu bir daha göstərir: “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev COP29 beynəlxalq konfransını Azərbaycanın yüksək səviyyədə keçirəcəyinə şübhə etmədiyini vurğulayıb: “… bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.
Artıq Azərbaycan bu mötəbər beynəlxalq tədbirə də ciddi şəkildə hazırlaşır. Prezident İlham Əliyevin sədrliyi ilə belə bir müşavirənin keçirilməsi bunu bir daha göstərir. Dövlətimizin başçsı müşavirədə aidiyyəti qurumlara COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı öz tapşırıq və göstərişlərini verib. Bu tapşırıqların yerinə yetirilməsi isə hər zaman olduğu kimi Prezident İlham Əliyevin diqqətində olacaq.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi