Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş mühüm respublika müşavirəsi keçirilib. Dövlət başçısının proqram xarakterli geniş nitq söylədiyi bu tədbir, Azərbaycanın qeyri-neft sektorunun ən strateji qolu olan aqrar sahənin mövcud vəziyyətinin təhlili, qarşıda duran çağırışlar və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir.
Dövlət başçısı öz nitqində qlobal geosiyasi dəyişikliklər və iqlim böhranı fonunda ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün milli təhlükəsizlik məsələsinə çevrildiyini xüsusi vurğulamışdır. Azərbaycanın daxili bazarı yerli məhsullarla təmin etmək imkanlarının genişləndirilməsi müşavirənin ana xəttini təşkil edib. Əsas strateji məhsulların, xüsusilə də taxıl, ət-süd məhsulları və digər gündəlik tələbat mallarının yerli istehsal hesabına tam ödənilməsi hədəflənir.
Müşavirədə diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi aqrar balansına inteqrasiyası olub. Prezident İlham Əliyev bu torpaqların Azərbaycanın kənd təsərrüfatına yeni bir nəfəs verdiyini bəyan edib. Kəlbəcər, Laçın və digər dağlıq rayonların nəhəng otlaq sahələri heyvandarlığın sürətli inkişafına və ət-süd istehsalının artımına birbaşa təsir göstərir. Azad edilmiş münbit torpaqlarda müasir suvarma sistemlərinin qurulması ilə taxılçılıq, bağçılıq və üzümçülük sahələrində böyük layihələr icra olunur. Bu ərazilər yaxın gələcəkdə ölkənin əsas aqrar mərkəzlərindən birinə çevriləcək. Qlobal iqlim dəyişikliyi və regionda müşahidə olunan quraqlıq meyilləri su ehtiyatlarından qənaətlə istifadəni zəruri edir. Dövlət başçısı bu istiqamətdə qəti tapşırıqlar verərək bəyan edib ki, su itkilərinin qarşısının alınması kənd təsərrüfatının gələcəyini müəyyən edən əsas amildir. Torpaq kanalların betonlanması, yeni su anbarlarının inşası və suyun idarə edilməsində vahid nəzarət sisteminin gücləndirilməsi, müasir, qənaətcil suvarma texnologiyaları tətbiq edən fermerlərə dövlət dəstəyinin və güzəştlərin artırılması vəzifə kimi qarşıya qoyulub.
Azərbaycan təkcə özünü təmin etməklə kifayətlənməməli, həm də xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanlarını artırmalıdır. Müşavirədə ixrac coğrafiyasının şaxələndirilməsi və logistik imkanların gücləndirilməsi prioritet elan edilib.
Prezident İlham Əliyev aqrar sahədə həyata keçirilən islahatların mərkəzində Azərbaycan fermerinin dayandığını xüsusi qeyd edib. Dövlət tərəfindən ayrılan subsidiyaların, güzəştli kreditlərin, gübrə və texnika təminatının ünvanlılığı və şəffaflığı ən ciddi tələblərdən biridir.
Subsidiyaların tam rəqəmsallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması və fermerlərin innovasiyalara əlçatanlığının təmin edilməsi, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun artırılması, aqrar sahibkarlığın stimullaşdırılması müşavirədə xüsusi qeyd olunub.
Respublikamızda son illər ərzində kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının rəqabət qabiliyyətliliyi artıb, həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi gerçəkləşib.
Qeyd edək ki, aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmlənməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.
Ümumiyyətlə, son illərdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində də əhəmiyyətli rol oynayır.
Niyaməddin Əsgərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini











