Öncə ondan başlayım ki, bu gün komitələrin birgə müzakirəsinə çıxarılan qanun layihəsi uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamış dəyərli soydaşlarımızın gələcək statusunun müəyyənləşməsi və həmin statusa yeni, daha realist, daha fundamental yanaşmanın formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir.
Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev bildirib.
Onun sözlərinə görə, eyni zamanda dövlət, məlum addımla bir daha öz vətəndaşının yanında olduğunu, ona dəstək göstərdiyini, sahib çıxdığını nümayiş etdirir. Yəni, təməl prinsiplər, “təməl ənənə” dəyişməyib, sadəcə format dəyişir.
“Necə və niyə? Əvvəla, artıq torpaqlarımız işğal altında deyil və bizim hər birimizin 30 il boyunca ən böyük arzusu da məhz bu olub ki, bütövlüyümüz, tamlığımız, suverenliyimiz təmin edilsin və qaçqın, məcburi köçkün adı dəyərli soydaşlarımızın üzərindən götürülsün.
Bu gün isə çox şükür, həmin arzuya Müzəffər Ali Baş Komandanın qətiyyəti və qəhrəman Ordumuzun şücaəti sayəsində çatmışıq.
İkincisi, yeni qanun layihəsi – müvəqqəti statusu daimi statusa çevirən bir icraatdır. Sırf, təmsil olunduğum komitənin profilinə aid məsələ üzərindən sadə nümunə göstərim: Əgər, daha öncə mənzillər əziz həmvətənlərimizə müvəqqəti verilirdisə, artıq yeni qanunla qayda dəyişir, daimi xarakter alır və beləcə, mülkiyyət üzərində tam hüquq yaranır.
Üçüncüsü, bir məqam altı çizilərək, xüsusi qeyd edilməlidir: Status dəyişsə də, 3 il müddətində hazırki güzəştlərin və imtiyazların miqyası, hüdudları dəyişmir. Yəni, qanunun hərəki qüvvəsi adaptasiya dövrünü nəzərə alır və mərhələli gedişi nəzərdə tutur.
Dördüncüsü, qanunda bütün məqamlar vətəndaşın xeyirinədir: Həm, təməlli mənzil təminatı, həm (bayaq haqqında bəhs etdiyim) yeni mülkiyyət hüququnun formalaşması, həm bölgələrdə iqtisadi rentabelliyin artımı, həm güzəştlərin bəlli zaman aralığında davamı, həm də sürətli qayıdışın perspektivi baxımından.
Nəhayət, mövcud qanun layihəsi o qədər sadə dildə yazılıb ki, müddəalar o qədər tam anlaşılan, aydın, mükəmməl və vətəndaşyönümlüdür ki, hesab edirəm, onu diqqətlə oxuyan kimsənin qəlbində, fikrində hər hansı bir sual, şübhə yeri qalmaz, qala bilməz və qalmayacaq”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.











