Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi çərçivəsində Almaniyanın Köln şəhərində və Polşanın Varşava şəhərində iki mühüm tədbir uğurla baş tutdu.
Köln şəhərində beynəlxalq forum keçirildi
Köln şəhərində Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcması və Almaniya Azərbaycanlıları Alyansının tərəfdaşlığı ilə “Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” adlı beynəlxalq forum keçirildi.
Forum çərçivəsində “Western Azerbaijan Realities: Youth, Justice, and International Responsibility” mövzusunda panel müzakirə təşkil olundu. Paneldə Almaniya Azərbaycanlıları Alyansının rəhbəri Altay Rüstəmov, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə, İrəvan xanlığı nəslinin nümayəndəsi və tədqiqatçısı, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Amir Əli Sardari İrəvani və Köln Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Ağa Ağayev çıxış edərək Qərbi Azərbaycan mövzusunun tarixi, hüquqi və beynəlxalq aspektlərinə toxundular.
Müzakirələr zamanı gənclərin bu prosesdə rolu, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq arenada daha effektiv təbliği və ədalətin bərpası istiqamətində atılmalı addımlar vurğulandı. Tədbir interaktiv təqdimatlar, iştirakçı rəyləri və xatirə fotosu ilə başa çatdı.
Varşavada seminar təşkil olundu
Layihə çərçivəsində növbəti tədbir Polşanın Varşava şəhərində baş tutdu. Tədbir Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Polşa Azərbaycanlıları Şurasının dəstəyi, həmçinin Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə həyata keçirildi.
Seminar Varşava Azərbaycan Evinin rəhbəri Elxan Niftəliyevin açılış nitqi ilə başladı. Ardınca Polşa Azərbaycanlıları Şurasının İdarə Heyətinin üzvü Dr. Ülkar Cabbarlı və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə çıxış edərək seminarın məqsədini, gənclərin maarifləndirilməsinin əhəmiyyətini və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırdılar.
Tədbir zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış süni intellekt əsaslı multimedya materialları təqdim edildi. Daha sonra “Qərbi Azərbaycan həqiqətlərinə gənclərin baxışı” mövzusunda əsas seminar keçirildi və sessiya layihənin koordinatoru Nazrin Süleymanova tərəfindən moderasiya olundu.
İştirakçılar mövzu ilə bağlı fikir və təkliflərini Mentimeter platforması vasitəsilə bölüşərək aktiv müzakirələr aparıblar. Seminar yekun dəyərləndirmə, rəy sessiyası və xatirə fotosu ilə tamamlandı.
Budapeştdə əcnəbi tələbələrlə seminar keçirildi
Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcması və AYİD – Gənclərin İnkişafına Dəstək Assosiasiyasının tərəfdaşlığı ilə “Youth Perspectives on the Realities of Western Azerbaijan: Insights & Reflections” adlı beynəlxalq seminar Macarıstanın paytaxtı Budapeştdə, ELTE Universitetində uğurla həyata keçirildi.
Seminarın əsas məqsədləri qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində müzakirəsi, Avropalı gənclərin diqqətinin Qərbi Azərbaycan həqiqətlərinə yönəldilməsi və yeni əməkdaşlıqlar üçün platformanın yaradılması idi. Tədbir Avropada yaşayan əcnəbi gənclərin iştirakı ilə baş tutdu.
Seminarın moderatoru AYİD-in əməkdaşı Fərqanə Bayramlı oldu. O, öz nitqində gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə biliklərini artırmaq, onların bu istiqamətdə beynəlxalq müzakirələrə cəlb olunmasını təmin etmək, həmçinin tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüslərdə iştiraklarının vacibliyini vurğuladı. Köln, Varşava və Budapeştdə keçirilən tədbirlər gənclərin mövzuya marağının yüksək olduğunu və onların bu prosesdə aktiv rol almağa hazır olduqlarını bir daha göstərdi.
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı gələcəkdə də Qərbi Azərbaycan mövzusunda maarifləndirici layihələr həyata keçirməyi planlaşdırır.












