İnformasiya.az xəbər verir ki, AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini – xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
2 avqust. Prezident Heydər Əliyev İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Yəhya Məhəmmədzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
6 avqust. MDB İcraiyyə Komitəsinin icra katibi Yuri Yarovu qəbul etdi.
Xətai rayonunda Mustafa Hacıqasımov adına Azərbaycan Mamalıq və Ginekologiya Mərkəzinin açılışında nitq söylədi.
11 avqust. Britaniya-Azərbaycan parlament qrupunun nümayəndə heyəti ilə görüşdü.
12 avqust. ABŞ Konqresinin nümayəndə heyətini qəbul etdi.
18 avqust. ABŞ-ın enerji naziri Bill Riçardsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
21-23 avqust. İsveçrənin Cenevrə şəhərində Ermənistan prezidenti Robert Koçaryanla görüşdü.
24 avqust. Yaponiyanın Xarici Ticarət və Sənaye Nazirliyi departamentinin direktoru Takeo Xiratanı qəbul etdi.
Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən mərasimdə nitq söylədi.
26 avqust. Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcanı qəbul etdi.
31 avqust. Respublikanın təhsil işçiləri və ali məktəblərə 1999-cu ildə qəbul olmuş tələbələr ilə görüşdü.
X X X
Ulu Öndər Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) qonşu İranla əlaqələr yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olaraq 1992-ci ilin avqustunda İrana səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanmışdı. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən də qonşu dövlətlərlə münasibətləri diqqətdə saxlayırdı. 1999-cu il avqustun 2-də İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin ostandarı Yəhya Məmmədzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə onların səfərini yüksək qiymətləndirdi, Azərbaycanda 70 illik sovet dövründə insanların Təbriz həsrətilə yaşadığını vurğulayaraq dedi: “Siz Təbrizdə daimi yaşayırsınız. Təbriz sizin üçün adi bir şəhərə dönübdür. Amma mən bilirəm ki, Azərbaycanda, xüsusən ötən 70 illik ayrılıq illərində insanlar Təbrizin nə qədər həsrəti ilə yaşayırdılar. Bunu dəfələrlə demişəm, mən Bakıya gəlməmişdən əvvəl, 1991-ci ildən Naxçıvanda olduğum zaman keçirdiyim görüşlərdə də demişəm və bu gün də deyirəm. Bu nümayəndə heyəti həm Şərqi Azərbaycanı, həm Təbrizi, həm də cümleyi İranı təmsil edir. Ona görə də sizin bu səfəriniz çox gözəl bir ziyarətdir”.
Həmin görüşdə Yəhya Məmmədzadənin söylədiyi bu fikirlər də diqqət çəkir: “İran İslam inqilabından sonra bizim gözəl, fərəhli günlərimizdən biri də o oldu ki, Azərbaycanın müstəqillik qazandığı barədə xəbəri eşitdik. Bu o günlər idi ki, millətimiz bir-birinə qovuşdu, camaat bir-birini qucaqlayıb ağladı. İndi ən böyük arzumuzdur ki, gün o gün olsun, biz qaçqınlarla birgə gedib Cəbrayılda, Zəngilanda, işğal edilmiş digər rayonlarda oturub çay içək, çörək yeyək, orada onların şadlığının şahidi olaq”.
Prezident Heydər Əliyev görüş zamanı, həmçinin müstəqil Azərbaycanın siyasi mövqeyini bir daha bəyan etdi, İranın Ermənistana iqtisadi dəstəyi məsələsinin Azərbaycan tərəfində narazılıq yaratdığını bildirdi. Onun 24 il əvvəl söylədiyi açıq fikirlər, dilə gətirdiyi iradlar bu günümüz üçün də aktual səslənir.
Sitat: Bizim bir ümumi narazılığımız vardır. Uzun illərdir deyirik ki, məsələn, İranla Ermənistan arasında çox sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzularımız yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr aparırıq, filan edirik. Ancaq iş də burasındadır ki, məsələn, Ermənistanın prezidenti var idi – Levon Ter-Petrosyan. O, bir neçə dəfə demişdi ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə Yerevan boğular. Bax, bunu o, özü demişdi. Yəni, bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən, bizim ölkəmizə təcavüz edən bir ölkə ilə iqtisadi sahədə bu qədər əməkdaşlıq etmək, – mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin, – bu, bizi incidir. Mən bunu dəfələrlə demişəm. Cənab Haşimi Rəfsəncaniyə demişəm, ali rəhbər cənab Xamneiyə demişəm. Son dəfə İslam konfransı olanda ali rəhbər Ayətullah Xamnei ilə görüşdüm, orada ona da dedim. Cənab Xatəmiyə də demişəm. Ancaq vəziyyət dəyişmir. Mən bilirəm ki, siz burada vəziyyət dəyişdirən deyilsiniz. Ancaq sadəcə deyirəm ki, bizim aramızda gərək hər şey düz olsun.
Dahi rəhbər Heydər Əliyev Azərbaycan dövlətinin mənafeyini hər bir məqamda, həmçinin MDB səviyyəli görüşlərdə müdafiə edir, ölkənin üzv olduğu bu təşkilatın nöqsanlarını tənqid edir, Ermənistan-Azərbaycan münaqişəsi fonunda Rusiya-Ermənistan hərbi ittifaqının genişlənməsini pisləyirdi. 1999-cu il avqustun 6-da Bakıya gəlmiş MDB İcraiyyə Komitəsinin sədri Yuri Yarovla görüşü zamanı söylədiyi fikirlər buna xarakterik misal ola bilər.
Sitat: MDB-ni çox da hərbiləşdirmək lazım deyildir. Siz dövlət başçılarının əvvəlki iclaslarında mənim çıxışlarımı yəqin xatırlayırsınız. Mən MDB-nin tərkibində ölkələr arasında hər cür hərbi ittifaqların həmişə əleyhinə çıxmışam və çıxıram. Bilirsiniz, qəribə haldır: bir tərəfdən, biz hamımız bir birlikdəyik, digər tərəfdən, bu birliyə daxil olan ölkələr arasında hərbi ittifaqlar yaradılır. Əlbəttə, hər bir ölkə öz hərəkətlərində sərbəstdir, o müstəqildir və ona lazım, faydalı olan istənilən sazişləri bağlaya bilər. Lakin biz hərbiləşdirmə yolu ilə getməməliyik. Bütün dünya yeni müharibələr, yeni münaqişələr yaranmasının mümkünlüyünü aradan qaldırmağa doğru gedir.
Bundan ona görə danışıram ki, bu, bizim ağrılı yerimizdir, əlbəttə, MDB-yə daxil olan və bizdəki kimi problemləri olmayan ölkələr mənim bəyanatlarıma bəzən biganə qalırlar, çünki bu, onlara toxunmur, yer etmir… Təəssüf ki, Rusiya rəhbərliyi mənim bəyanatlarımı dinləyir, amma öz bildiyini edir. Mən Rusiya ilə Ermənistan arasında hərbi ittifaqı, Ermənistan ərazisində yeni növ silahlar, raketlər, təyyarələr yerləşdirilməsini nəzərdə tuturam…
Rusiya bir tərəfdən Ermənistanla Azərbaycan arasında sülhyaratma vəzifəsini həyata keçirir, digər tərəfdən isə Ermənistanla öz hərbi əlaqələrini genişləndirir, Ermənistan ərazisindəki öz hərbi qüvvələrini artırır.
1999-cu il avqustun 17-də qardaş Türkiyədə üzücü hadisə – İzmit zəlzələsi baş verdi. Azərbaycan qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi. Avqustun 26-da Türkiyənin Azərbaycandakı səfiri Qədri Ecvet Tezcan ilə görüşən Heydər Əliyev zəlzələnin ağır nəticələrinin tezliklə aradan qaldıralacağına əminliyini vurğuladı: “Ümidvaram ki, Türkiyə Cümhuriyyəti qüdrətli, iqtisadi cəhətdən çox böyük imkanlara malik olan bir dövlət kimi, bu zəlzələnin vurduğu bütün zərəri tezliklə aradan qaldıracaqdır. Yəni, mən hesab edirəm ki, uçulan evlər də, dağılan başqa qurğular da bərpa olunacaqdır. Məsələn, orada böyük bir neft emalı zavodu yanıbdır, – o da bərpa ediləcəkdir. Amma insanları geri qaytarmaq mümkün olmayacaq. Bu itkilərin içərisində insanların itkisi çox ağır bir şeydir. Ancaq bizim xalqlarımız tarix boyu çox belə şeylərə dözüblər. Güman edirəm, biz buna da dözəcəyik”.
Bu məqamda 2023-cü ilin fevralında Türkiyədə dağıdıcı zəlzələ baş verərkən Azərbaycanın qardaş yardımını xatırlatmaq yerinə düşər. Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq təbii fəlakətlə bağlı kədərini və dəstəyini ifadə etdi. Türkiyəyə yardım əlini uzadan ilk ölkə Azərbaycan oldu. Elə həmin gün dövlətimizin başçısının tapşırığı ilə 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərildi. Sonrakı günlərdə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupları yola salındı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə davamlı olaraq humanitar yardımlar çatdırıldı. Sadə insanlar da qardaş ölkəyə görünməmiş dəstək nümayiş etdirdi. Kiçikdən-böyüyədək yüz minlərlə insan türk qardaşlarına imkan daxilində yardım əli uzatdı.
1999-cu ilin avqustu Heydər Əliyevin təhsil işçiləri və ali məktəblərə yenicə qəbul olmuş tələbələrlə görüşü ilə də yadda qaldı. Ulu Öndər görüşdəki geniş nitqində təhsilin əhəmiyyətindən, bu sahədə aparılan islahatlardan, gənclərin cəmiyyətdə öz yerini tutmasından, Azərbaycan dilini və tarixini öyrənməyin vacibliyindən və bütün dövrlər üçün aktual olan digər mühüm məsələlərdən danışdı, bununla bağlı baxışlarını açıqladı.
X X X
Heydər Əliyevin respublikanın təhsil işçiləri və tələbələrlə görüşdəki nitqindən
• Azərbaycan müstəqil dövlət kimi müstəqilliyinin bütün elementlərini, atributlarını inkişaf etdirməli, onu insanların şüuruna yeritməlidir. İnsan öz gəncliyindən vətənini, bayrağını, millətini, himnini sevməlidir. Sevmək üçün də bunu bilməlidir.
• XX əsrdə sözün geniş mənasında ölkəmizdə Azərbaycan məktəbi yaranıbdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranıbdır. Bu, ən böyük nailiyyətlərimizdən biridir. İqtisadiyyat da, həyatın başqa sahələri də bunun üzərindədir.
• Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır. Biz bu yolla gedirik. Əmin ola bilərsiniz ki, bu yolla da gedəcəyik.
• Təhsilin özündə aparılan islahatlar çox vacibdir. Siz onları aparırsınız. Bugünkü çıxışlarda bu barədə məlumatlar verildi. Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz.
• Əgər biz iqtisadi sahədə apardığımız islahatlarda bu gün haradasa səhv ediriksə, sabah həmin səhvi düzəltmək mümkündür, haradasa ifrata yol veririksə, onun qarşısını almaq mümkündür, haradasa mühafizəkarlığa yol verilirsə, onu da məhv etmək mümkündür. Amma təhsil çox həssas sahədir. Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara – mən bu sözləri işlədirəm – yer ola bilməz.
• Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki gedib universitetə imtahan verə bilməz – heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir, – ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.
• İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır.
• “Ana dili” deyəndə, şübhəsiz ki, hər bir uşaq doğulandan sonra ailəsində atasından, anasından öz dilini öyrənir. Bir var ki, sadəcə öz dilini ailədə bilmək, bir də var ki, Azərbaycan dilini yüksək səviyyədə bilmək… Bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilinin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. Bu, hələ bizdə çox çatışmayan bir sahədir.
• Azərbaycanın tarixini mütləq bilmək lazımdır. Ona görə yox ki, onlar tarixçi olacaqlar. Əgər riyaziyyatçı millətinin, xalqının, ölkəsinin tarixini bilmirsə bu, ona üstünlük vermir. Eləcə də başqa mütəxəssislər.
• Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Bu dərslərə fikir vermək lazımdır. Xüsusən, o məktəblərdə ki, Azərbaycanda dərslər rus bölməsində keçir, buna fikir vermək lazımdır.
• Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamısından çox lazımdır, ali məktəbdə ədalət hamısından çox lazımdır. Siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizdən yaxşı bilirsiniz: uşağın, gəncin şəxsiyyətinin bir formalaşma prosesi var. O proses də uşaqlıq dövründə, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra, şübhəsiz, insan daha da təkmilləşir iş dövründə, yaxud başqa, yeni təhsil dövründə. Ancaq əsas o insan kimi formalaşma, şüurlu formalaşma prosesi məktəbdə gedir, ali məktəbdə, universitetdə gedir. Əgər orada gənc, uşaq ədalətsizliklə rastlaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz.