Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən BRICS+ sammitində iştirakı rəsmi Bakının çoxvektorlu diplomatiyası və uğurlu xarici iqtisadi əlaqələrinin növbəti təntənəsidir. Öz gücünə arxalanaraq istənilən hərbi-siyasi blokdan kənar durmaqla müstəqil xarici siyasətini və beynəlxalq aləmdəki yerini müəyyən etmək bacarığı, sözün əsl mənasında, yalnız azad və özünü iqtisadi cəhətdən tam təmin edə bilən dövlətlərin qazana biləcəyi nailiyyətdir. Azərbaycanın təşkilat üçün ciddi maraq kəsb etməsi, ölkəmizin zəngin iqtisadi potensialı olan iri coğrafi və geosiyasi məkanla əməkdaşlıq qurması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. BRICS-ə daxil olan ölkələrdə yaşayan əhali dünyanın demək olar ki, yarısını təşkil edir. Təşkilat üzvlərinin dünya iqtisadiyyatındakı payı isə ilbəil artır. İlk dövrlərdə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının, bu ilin əvvəlindən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiyanın da üzv olduğu, digər bir çox ölkənin də getdikcə böyük maraq göstərdiyi BRICS-in əsas məqsədi dünyada güclər nisbətini balanslaşdırmaqdır. Həm də coxqütblü dünya nizamını təşviq etməklə birqütblülüyün yaratdığı problemləri aradan qaldırmaqdır. Bu, qurumun qarşıya qoyduğu əsas vəzifələrdəndir. Son onilliklərin tarixi təcrübəsi 2006-cı ildən fəaliyyət göstərən BRICS-in də çoxtərəfli diplomatiyanın daha bir uğurlu modelinə çevrildiyini göstərir. Təşkilatın Kazanda keçirilən builki sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının, BMT-nin Baş katibi Antonio Quterreşin qatılması sözügedən qurumun beynəlxalq çəkisini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XVI BRICS sammitində iştirakı, ölkəmizin bu quruma göstərdiyi maraq Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olmasından irəli gəlir. Cənab İlham Əliyevin sammitin “Outreach”/”BRICS+” formatının ilk plenar iclasındakı çıxışı zamanı da qeyd etdiyi kimi, bu mövqe 2020-2023-cü illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əyani şəkildə nümayiş etdirilib. Azərbaycanın dördillik sədrliyində Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”, – Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı. Bir faktı da qeyd edək ki, BRICS üzvlərinin böyük əksəriyyəti Qoşulmama Hərəkatında da təmsil olunurlar. Bu ölkələr siyasi coğrafiyada əksər hallarda “az inkişaf etmiş dövlətlər” adlandırılsalar da, belə bir bölgü hazırkı reallıqda şərti xarakter daşıyır. Çinlə Hindistan ciddi iqtisadi göstəricilər nümayiş etdirirlər, Rusiyanın iqtisadiyyatı isə Qərbin iki ildən çoxdur tətbiq etdiyi sanksiyaların qarşısında tab gətirməyə müvəffəq olub. BRICS-ə qoşulan nisbətən kiçik dövlətlərin əsas siyasi hərəkətverici arqumentləri sovetlərin yıxılmasından sonra hökm sürən birqütblü sistemə qarşı artan etirazlarıdır. ABŞ və Avropanın bu ölkələrə qarşı istismarçı imperialist yanaşmaları XXI əsrdə yaşamağımıza baxmayaraq, nəinki dəyişməz qalıb, hətta müasir üsullarla daha da sərtləşib.
Çox sevindirici bir haldır ki, noyabr ayında ən böyük iqlim konfransı – COP29 Bakıda keçiriləcək. COP29-un Azərbaycanda keçirilməsinə dair 200-ə yaxın ölkənin yekdil qərarı Azərbaycanın dünyada hörmət sahibi olduğunun sübutlarından biridir. Bu, eyni zamanda Azərbaycan Prezidentinin böyük siyasəti və nüfuzunun göstəricisidir.
Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini