Prezident İlham Əliyev: “… biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən”
Ali Baş Komandan İlham Əliyevin prezidentliyinin 20 illinə nəzər salsaq görərik ki, bu fəaliyyət bütün istiqamətlərdə milli maraqlarımızın təmin edilməsinə ximətdən ibarətdir. Bu müddət müasir Azərbaycan tarixinə yeni səhifə olaraq qızıl hərflərlə düşüb. Çünki ölkəmiz üçün önəmli olan bir sıra beynəlxalq layihələr icra edilib. Xüsusən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi başa çatdırılıb. Azərbaycan dövləti sürətli iqtisadi inkişafa nail olub. Bununla yanaşı, xalqımızın sosial rifahı daha da yaxşılaşdırılıb. Vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində misilsiz uğurlar qazanılıb. Ən ümidə məsələ isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu, bütün dünya azərbaycanlıları üçün qürürverici an idi. Çünki artıq 30 ilə yaxın idi ki, dünyada yaşayan 50 milyondan artıq azərbaycanlı Qarabağ məsələsinin ədalətli həllini gözləyirdi. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu haqda danışaraq deyib ki, ədalətə inanmaq lazımdır: “Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Yəni, cəmiyyətin, sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”.
Müsahibədə Azərbaycan – Ermənistan münasibətlərinə də toxunulub. Sülh yolunun detalları açıqlanıb. Danışıqlar prosesinin strategiyası, taktikası vurğulanıb. Dövlətimizin başçısı hesab edirə ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır: “Ona görə mətn üzrə işlər fəal getməlidir. Bir məsələ də var. Yəqin, siz də bunu bilirsiniz, Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. Mən bunu istəməzdim. Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.
Göründüyü kimi, cənab Prezident Ermənistana növbəti mesajını verib. İndi Ermənistan bundan nəticə çıxarmalıdır. Farnsa kimi ölkələrin pis niyyətlərinin təsiri altına düşməməlidir. Çünki Prezidentin bu fikiləri Ermənistan üçün həm də çıxış yoludur. Ermənistan rəhbərliyinin münasbətlərin tənzimlənməsi, sülhün əldə olunması üçün birbaşa təmaslardan başqa yol yoxdur.
Onu da deyək ki, Azərbaycan prezidentinin bu müsahibəsi Ermənistan mediasında, ümumiyyətlə, digər ölkələrin KİV-lərində də işıqlandırılıb. Belə ki, müsahibə ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik olan qəzet və portallarının diqqət mərkəzində olub. Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə” telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb. Eyni zamanda Azərbaycan Prezidentinin müsahibəsi BƏƏ-nin “Əl-Xalic”, Misirin “Əl Əhram” və “Nile” qəzetlərində, həmçinin “Ən Nəşrə”, “Ər Rəy”, “Əl Cumhuria”, Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” portallarında da işıqlandırılıb. Həmçinin müsahibə Ukrayna mediasında geniş işıqlandırılıb.
Dövlətimizin başçısının müsahibəsi Türkiyə və Gürcüstan KİV-lərinin də diqqət mərkəzində olub. Xəbərlərdə Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən məqamlardan birinin də ölkəmizə qarşı ikili standartlardan çıxış edən müəyyən qüvvələrlə bağlı olduğu vurğulanıb. Məqalə və xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.
Azərbaycan dövləti Ermənistanla sülh danışıqlarına ciddi önəm verir. Artıq bu iki ölkə arasında sülh müqaviləsi bağlamaq üçün əsas şərait yaranıb. Bu məsələnin tez həll olunması Azərbaycan və Ermənistana, ümumiyyətlə regiona müsbət təsiri olacaq.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor