Yerli sakinlər Zəngilanın işğaldan azad olunmasının üçüncü ildönümünü, eyni zamanda “Zəngilan şəhər günü”nü böyük sevinclə qeyd edirlər
Zəngilan Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan sonuncu rayonu idi. Bura mühüm strateji əhəmiyyətə malikdir. Çünki bu rayon Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir. Ermənilər Qubadlı və Cəbrayıl rayonlarını işğal etdikdən sonra Zəngilan faktiki mühasirəyə düşmüşdür. 1993-cü ilin oktyabrın sonunda Sığırt və Bartaz yüksəklikləri alınaraq Zəngilan tam işğal olunmuşdur. Bundan sonra minlərlə zəngilanlı ermənilərin mühasirəsində qalmışdır. Əhali məcbur olub Araz çayı boyunca İran sərhədinə toplaşmışdır. Lakin Araz çayını keçmək mümkün deyilmiş. O zaman Ulu Öndər Heydər Əliyev İran hökuməti ilə danışıqlar aparmışdır və Araz çayı üzərindəki bənddə suyu bağlamışdılar. Yalnız bundan sonra əhali çayı keçib xilas olmuşdur. Zəngilan sakinləri respublikanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Zəngilanın xəstə xislətli ermənilərin tapdağı altında qalması dözülməz idi. Zəngilan, bu halal torpağa uğurunda nə qədər qan töküldü. Vüqarlı Zəngilan Sonacan vuruşmuşdur və 235 nəfər şəhid və itkin vermişdir. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. İşğaldan sonra rayon ərazisində yerləşən onlarla milli və dini-tarixi abidələr ermənilər tərəfindən dağıdılmış, vandalizmə məruz qalmışdır.
Zəngilanlılar, ümumiyyətlə xaqlımız yüz faiz əmin idi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Müzəffər ordumuz əzəli torpaqlarımızı yadların murdar nəfəsindən təmizləməyə qadir olduğunu, gücünü göstərdi. Zəngilan işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə 2020-ci ilin dekabrın 23-də bu rayonda olublar. Diqqət çəkən məqam Zəngilana gedən yolda avtomobili Prezident İlham Əliyevin özünün idarə etməsi və dağıdılmış kəndlər barədə təəssüf hissi ilə məlumat verməsi olub. Həmin səfər zamanı Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltmışdır. Daha sonra Prezident İlham Əliyev Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscid qarşısında çıxış edərək demişdir ki, bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Qeyd edək ki, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.
İşğal zamanı ermənilər Zəngilan rayonunun demək olar ki, bütün kəndlərinin dağıtmışdılar. Baxmayaraq ki, bəzi kəndlərdə ermənilər səfalət içində yaşamışdılar. Cənab Prezident Zəngilan rayonunun gözəl mənzərəsini, səfalı məkanı seyr edərək dağılan kəndlərin hamısının bərpa ediləcəyini demişdir: “Yolboyu Zəngilanın gözəl təbiətini seyr edirik. Görün, necə gözəl yerlərdir. Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”.
Hazırda Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Zəngilanlıların arzusu çin olub. Yerli sakinlər Zəngilanın işğaldan azad olunmasının üçüncü ildönümünü, eyni zamanda “Zəngilan şəhər günü”nü böyük sevinclə qeyd edirlər. Artıq onlar öz evlərində süfər açır, igid şəhidlərimizi yad edirlər. Düşmən üzərində zəfər çalmış şanlı bahadırlarımızla qürur duyurlar.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor