Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi illər ərzində şərəfli yolda qazandığı uğurlara nəzər yetirsək, böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyası yeni mərhələyə yol açıb.
YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verdi. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni islahatlar mərhələsinin başlanğıcı oldu
Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Sosial islahatlar, idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət, Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür..
5 mart 2021-ci il Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zaman nitqində Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının hansı çətin şəraitdə yaradılmasından, həmin dövrdə xalqın böyük əksəriyyətinin heç nədən çəkinmədən, böyük cəsarət göstərərək, dövlətin maraqlarını hər şeydən üstün tutaraq ulu öndər Heydər Əliyevə müraciət etməsindən, gənc Azərbaycan dövlətinin həyatında yeni bir mərhələyə yol açmasından geniş bəhs etdi: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın”.
Biz o illəri yaxşı xatırlayırıq və müxtəlif istiqamətlərdə humanitar məsələlərin həlli, Azərbaycan dilinin təbliği ilə bağlı ulu öndərin tarixi xidmətləri vardır. Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir.
Azərbaycanın həm ölkə daxilində, həm regionda, həm xaricdə, dünya birliyində gedən proseslərdəki rolu artmaqdadır. Bizim xarici siyasət konsepsiyamızı da ulu öndər Heydər Əliyev qurmuşdur. Bu konsepsiya bu gün uğurla icra edilir.
Yeni Azərbaycan Partiyasının üzvləri, ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün öz səylərini artırmaqdadır.
YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. Bu ölkələr arasında ən sıx əməkdaşlıq qardaş Türkiyə ilə olan münasibətlərdə özünü daha aydın göstərməkdədir. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır.
VI qurultaydan bu günə qədər bir çox dəyişikliklər baş verib, yeni reallıqlar yaranıb. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazandı. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Biz bu tarixi missiyanı yerinə yetirdik”.
Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu baxımdan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdırmalı idi və etdi də.
Biz çox sevinirik ki, partiyamız bu gün də inkişafdadır və partiyamızın sıraları günü-gündən genişlənir. Ən sevindirici hallardan biri də, bu partiyaya gənc nəslin sürətli axınının olmasıdır.
Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Milli Məclisin deputatı Ceyhun Məmmədov