Prezident İlham Əliyev: “Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb”
30 il ərzində Qarabağ məsələsinin daha tez həll olunması üçün Azərbaycan narahatçılığını müvafiq qurumlara çatdırırdı. Lakin, konkret desək, ATƏT-in Minsk qrupunun həmsədirləri işğalçılıq siyasətinin vaxtını uzatmaqla məşğul idilər. İşğalçı Ermənistan isə torpaqlarımızı geri qaytarmaq fikrində deyildi. Və buna görə də bizim torpaqlarımız işğal altında qalmaqda davam edirdi. Azərbaycan isə heç bir halda bu işğalla barışa bilmirdi. Dünyanın “dondurulmuş” hesab etmək istədiyi Qarabağ münaqişəsi, amma əslində, öz daxilində qaynayırdı. Bir çox mütəxəssislərin fikrincə, beynəlxalq birliyin səhlənkarlığına görə, Qarabağ münaqişəsinin həlli belə gecikmişdir. Ötən əsrin 90-cı illərində ölkəmizdə siyasi vəziyyət gərgin idi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək qətiyyətli addımlar atdı. Ölkənin ərazi bütövlüyünün təhlükə altında olduğunu nəzərə alan Ulu Öndər maksimum səy göstərərək Ermənistanla atəşkəsin elan olmansına nail oldu. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında demişdir: “Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq!..Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur”. Ulu Öndərin bu arzularını Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Çünki Prezident İlham Əliyev beynəlxalq qurumlar qarşısında Qarabağ məsələsinin həllini konkret qaldırırdı. Eyni zamanda işğaldakı torpaqların azad olunması istiqamətində strateji və taktiki addımlar atılırdı. Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində qeyd etdiyi kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb: “Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır”. Azərbaycan Milli Ordusu 2020-ci ildə Qarabağ cəbhəsində böyük şücaət göstərərək torpaqlarmızı erməni işğalçılarından azad etdi. Artıq biz müzəffər xalq kimi üzağ yaşayırıq. Azərbaycan qalib dövlət və müzəffər xalqdır. Biz bundan sonra da qalib dövlət olaraq qalacağıq. Bu gün dünya azərbaycanlıları bizə Zəfər sevincini yaşadan Ali Baş Komandana minnətdarlığını bildirir. Ordu quruculuğunda və xüsusən Ermənistan – Azərbaycan münaqişəsini tam Qələbə ilə qazanmağımız da Prezident İlham Əliyevin çevik və müdrik diplomatiyasının təntənəsidir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz ildən-ilə daha da inkişaf edir, təkmilləşir. Xankəndində “Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi” deyən Prezident İlham Əliyev bu istiqamətlərdə işləri davam etdirir. Bu gün ölkəmizdə hərbi sənaye sahələrinin formalaşdırılması və hərbi sursatların istehsalı üçün tam şərait yaradılıb.
Ordu xalqındır, ordu dövlətindir, hər birimizindir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Silahlı Qüvvələr sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb. Bu gün Azərbaycanın hazırlıqlı zabit heyəti, öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan əsgər heyəti var. Xüsusən müharibə günlərində dövlət, xalq və ordunun birliyi Qəlbəmizin əsasını təşkil edir. Bu baxımdan cənab Prezidentin Xankəndindəki təbrikində son sözlər qürurvericidir: “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”. Bu bizim ilk tarixi qələbəmizdir. Torpaqlarımız şəhidlərin qanı bahasına azad olundu. Azərbaycan dövləti ildən-ilə daha da güclənir. Ordumuz ayıq-sayıq ərazi bütövlüymüzü qoruyur. Bir daha heç bir dövlət cəsarət edib Azərbaycan torpaqlarına göz dikə bilməz.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor