Məlum olduğu kimi, bu gün, Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü, nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi, iqtisadi islahatların davamlı olaraq həyata keçirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz, güc iyerarxiyasında sürətlə irəliləməsi, eləcə də, digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra, müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də, vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz, bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Müstəqilliyin ilk illəri xaos və anarxiya ilə yadda qaldı. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra, hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz, Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, o zamankı rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi. Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri Azərbaycanı fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirmişdi. AXC-“Müsavat” cütlüyünün antimilli və səriştəsiz siyasəti Azərbaycanı qarşıdurma meydanına çevirdi. Bundan sonra hakimiyyətə gəlmiş AXC-“Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq, “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq, ölkənin bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz, 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və AXC-“Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi olan Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra, Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar, isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. Əslində, Surət Hüseynovun başladığı 4 iyun qiyamı da Azərbaycanda AXC-“Müsavat” iqtidarının heç bir təsir və rola malik olmadığının göstəricisi idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də, dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Xüsusilə də, mürəkkəb proseslərin cərəyan etdiyi bir mərhələdə zəngin dövlətçilik təcrübəsinə malik olan siyasi lider yoxdursa, o zaman hər hansı bir uğurdan bəhs etmək olmaz. Məhz, AXC-“Müsavat” hakimiyyətinin komandasında siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu, eləcə də bütün bu dağıdıcı prosesləri şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi.
Beləliklə, belə bir şəraitdə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında idi. Xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. İyun ayının 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyun ayının 15-də isə, Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması, məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Beləliklə də, Azərbaycanı parçalamaq, forposta çevirmək, korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı milli birliyə məğlub oldular. Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında, ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz, o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, sosial inteqrasiyanı, onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını, milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla, eləcə də, yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə, məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Daha dəqiq desək, Qurtuluş məfkurəsi Azərbaycan dövləti və xalqını tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxaran iftixar mənbəyidir. Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir. Beləliklə, bütün bunların qanunauyğun sonucu kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən Prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü, inkişafı təmin etdi. Bundan sonra, ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə, öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi surətdə təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar, amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı etibarlı tərəfdaşa çevirdi. Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli, çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması, nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artdı. Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabr ayının 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü, nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra, milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi. Bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə, qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə, milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz, Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli, davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin, qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi. Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Bu gün, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Belə ki, ölkə Prezidenti, cənab İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar, yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub, lakin dövlət başçısının üstün liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi, ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb. Bütövlükdə, bu gün, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bir sözlə, 1991-ci ilin oktyabr ayında formal olaraq elan edilməsinə baxmayaraq, 1993-cü ilin iyun ayından, yəni Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra real olaraq qazanılan dövlət müstəqilliyi, bu gün, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf siyasətinin fonunda daha da möhkəmlənib. Əsaslı ictimai-siyasi sabitliyə və dinamik iqtisadi tərəqqiyə malik olan Azərbaycan gələcəyə əmin addımlarla irəliləməkdədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan xaos, anarxiya və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.
Bu gün, ölkə Prezidenti, cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də, ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Məhz, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ölkə Prezidenti, cənab İlham Əliyev 8 noyabr 2020-ci ildə, tarixi Zəfər Günündə demişdir: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Bu gün, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ, dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi