Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinin Dəstəklənməsi Fondunun sifarişi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” kitabı qırğız dilinə tərcümə edilir.
Bu kitabın nəşrində Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.
Fonddan bildirilib ki, kitabda SSRİ-nin mövcudluğunun son illərində dünyada və Azərbaycanda gedən proseslər, xalqımızın qarşılaşdığı faciələr barədə məlumat verilir. Müəlliflər görkəmli dövlət və siyasət xadimi, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu və Naxçıvan Muxtar Respublikasında olduğu dövrdə, sonradan Azərbaycana rəhbərliyi zamanı fəaliyyətindən, onun ölkəni və xalqımızı həmin illərdə Azərbaycanın başının üstünü almış bir çox fəlakətlərdən xilas etməsindən bəhs edirlər. Kitabda, həmçinin Heydər Əliyevin təşəbbüsü ilə yeni tipli siyasi təşkilat olan və qısa müddətdən sonra ölkənin hakim partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması prosesi əks olunub. “Xalqa bağışlanmış ömürdən anlar” nəşri Ulu Öndərin 1969-cu ildən 1996-cı ilədək olan dördə həyat və fəaliyyətini xronoloji qaydada əhatə edir.
Kitabı qırğız dilinə M.Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, Qırğız Respublikası Jokorqu Keneşinin (parlamentinin) V və VI çağırışlar deputatı olmuş, bu respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə edir.
Türkdilli Dövlətlərin Siyasətinin Dəstəklənməsi Fondu ümidvardır ki, bu nəşrin qırğız dilinə tərcüməsi qardaş ölkədə geniş kütlələrə Azərbaycan xalqının Ümummilli Lideri haqqında daha ətraflı məlumatlar əldə etməyə imkan verəcək.
Yanvarın 30-da Bişkekdəki Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyevin həyatının 100 anı” kitabının da təqdimatı olmuşdu.