Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG patent, dizayn və ticarət nişanlarının qeydiyyata alınması üçün Türk Patent və Ticarət Nişanı İdarəsinə (TÜRKPATENT) müraciət edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır jurnalistlərə açıqlamasında deyib.
Türkiyəli nazir onu da qeyd edib ki, dizayn üçün TOGG adından edilən 18 müraciətin 17-i qeydiyyata alınıb, bir dizayn müraciətinin qeydiyyat prosesi isə hələ davam edir.
“Togg avtomobili üçün bir tanınmış əmtəə nişanı müraciəti qeydiyyata alınıb və 45 müraciətə qanunvericiliyə uyğun olaraq qanuni müddətlər ərzində baxılacaq”, – deyə M.F.Kacır bildirib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.
Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.
“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.
V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.