Müasir dünyada güc amilinin getdikcə əsas göstərici kimi tanınması Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin inkişafının və daha da gücləndirilməsinin vacibliyini mühüm şərt kimi önə çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri də məhz bu məqsədə xidmət edir. Bu baxımdan iyulun 6-da Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının inkişafı və daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi yüksək qiymətləndirilir. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Azərbaycanın üzv olduğu bütün digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Şuşada keçirilən qeyri-rəsmi Sammit də məhz bu təşəbbüslərdən biri kimi diqqətəlayiqdir.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkərək qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etməsi və buna görə də Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirməsi xüsisi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Şuşada imzalanan Qarabağ Bəyannaməsinin, qəbul edilən qərarların Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəyini əminliklə vurğulayıb.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının uğurla icra olunduğuna diqqət çəkən Prezident İlham Əliyev bu abadlıq-quruculuq işlərinə türkdilli ölkələrin də töhfə verdiyini vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya, Füzuliyə, Zəngilana və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşaya və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuliyə və Ağdama səfərlər etdiklərini xatırladan dövlətimizin başçısı, həmçinin qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürünü çatdırıb.
Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması təkcə region ölkələri üçün deyil, həm də qlobal təhlükəsizlik və beynəlxalq əlaqələr üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi diqqətə çatdıran araşdırmaçı alim vurğulayıb ki, olduqca geniş coğrafi arealı qapsayan regional nəqliyyat marşrutlarının açılması bütün türk dünyası, o cümlədən Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri üçün yeni imkanlar açacaq və böyük faydalar gətirəcək. “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün nəticəsi kimi imzalanmış “Qarabağ Bəyannaməsi” regionun inkişafına mühüm töhfələr verəcək. Türk dövlətləri arasında ittifaqın təməl daşlarından biri kimi “Qarabağ Bəyannaməsi” beynəlxalq hüquq və siyasət baxımından da böyük mühüm əhəmiyyət kəsb edir. İlk növbədə Qarabağ Bəyannaməsi hüquqi bazaya əsaslanan tarixi və regional-qlobal miqyaslı siyasi məsələdir. Eyni zamanda Qarabağ Bəyannaməsi geniş bir geosiyasi müstəvidə yeni sabitlik, təhlükəsizlik, sosial-mədəni və iqtisadi tərəqqiyə öz töhfəsini verəcək etibarlı gözləntiləri özündə ehtiva edir. Bu mühüm sənəd həmçinin türk dövlətçiliyinin inkişafı istiqamətində növbəti mərhələyə keçidi təmin edə biləcək fəaliyyət proqramı sayıla bilər. Bəyannamə regional əməkdaşlığın yeni formasını qlobal səviyyədə mövcud reallıqlara uyğunlaşdırmaq üçün keçiləcək ən yaxın yol xəritəsidir.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri