Prezident İlham Əliyev: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir”.
Son illərin müşahidələri göstərir ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti aktivləşib. Türk dünyasının birliyi istiqamətində TDT tərəfindən saysız tədbirlər keçirilib. Əlbəttə ki, bu, mövcud geopolitik proseslərdən irəli gəlir. Hazırkı beynəlxalq aləmdə ictimai-siyasi vəziyyət türk dövlətlərinin birliyini zəruri edib. Türk dünyası birləşərək qlobal güclərə müqavimət aparmalıdır. Hər hansı türk dövlətinə hərbi hücum edilərsə və ya siyası kampaniya aparılarsa qarşısında TDT-ni görməlidir. Çünki bu dövlətlər tarixən eyni ərazidə olub, xalqlarının milli-mənəvi birliyi var. Eyni soyu daşıyan xalqlar niyə həmrəy olub dünyaya səs salmasın?! Tarixi düşmənlərimizə qarşı birgə mübarizə aparmaq ən effektiv yoldur. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə türk dünyasında da çox böyük coşğu yaratdı. Bu günlərdə türk dövlətləri də öz mənəvi dəstəklərini əsirgəmədilər. Azərbaycan bu qələbə ilə bütün dünyaya hərbi güc amilinin əhəmiyyətini ortaya qoydu. Bu, türk dövlətləri üçün də bir örnəkdir. Azərbaycanın atdığı addımlar türk dövlətləri tərəfindən də yüksək səviyyədə dəstəklənir. TDT-nin aktivliyində Azərbaycanın rolu danılmazdır. İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunu bir daha sübut edir. Prezident İlham Əliyev tədbirdə çıxışında deyib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir”.
Çox sevindiri haldır ki, bütün türk dövlətlərinin rəhbərləri işğaldan azad olunan rayonlara səfər edirlər. Onlar Qarabağda erməni vandalizminin şahidi olurlar, həmçinin bu ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan abadlıq və quruculuq işləri ilə tanış olurlar. Cənab Prezident nitqində bildirib ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür: “Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm”. Artıq bir çox türk dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə tikilən məktəb və yaradıcılıq mərkəzləri fəaliyyətə başlayıb. Bu da bir qardaşlıq və dostluq göstəricisidir. Bu təhsil ocaqlarının açılışında türk dövlətlərinin liderləri də iştirak ediblər.
Zirvə görüşü çərçivəsində imzalanan Qarabağ bəyannaməsi türk dövlətləri arasında yeni bir əməkdaşlığın artırılması üçün tarixi əhəmiyyət daşıyır. Bəyannamənin əsas önəmli cəhəti Şuşada imzalanmasıdır. Bu 2021-ci ildə imzalanan Şuşa bəyannaməsinin sanki bir davamıdır. Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin, Qarabağ bəyannaməsi isə ümumən türk dövlətlərinin həmrəyliyin və müttəfiqliyin əsasını qoyub. Qarabağ bəyannaməsi, eyni zamanda türk dövlətlərinin yeni yol xəritəsidir. Bəyannamədə qeyd olunduğu kimi, türk dövlətləri qlobal miqyasda öz potensialını nəzərə almaqla çıxış edəcəklər. Cənab Prezidentin dediyi kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Bəyannamədə TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər. Sənəddə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar. Qarabağ bəyannaməsi türk dünyasının inkişafında türk dövlətlərinin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
Prezident İlham Əliyev türk dövlətlərinin güc və səylərinin birləşdirilməsini hər zaman önə çəkir. Məhz bundan sonra TDT qlobal güc mərkəzinə çevrilə bilər.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi