Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim güclənməkdədir.
Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir – birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. Sentyabrın 25-də Türkiyə Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı da bu gerçəklik bir daha təsdiqləndi. Liderlərin Naxçıvanda baş tutan görüşündə ölkələrimizin əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev cənab Ərdoğanın Naxçıvana ikinci dəfə səfər etdiyini xatırladıb və bildirib ki, səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”. Dövlətimizin başçısı ardınca Ermənistanda böyük həyəcan doğuran Zəngəzur mesajını da səsləndirib. Sitat: “Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsus ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, – o zaman o, Naxçıvanın başçısı idi, – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qış da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır. Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
Dövlətimizin lideri qeyd edib ki, beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib. Prezident ardınca cənab Ərdoğana təşəkkürünü bildirib. Sitat: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında ”Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq”. Dövlətimizin başçısı onu da xatırladıb ki, iki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı.
İkinci Qarabağ müahribəsində Azərbaycanla Türkiyənin qardaşlığı dünyanı heyrətləndirdi.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başlayanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” demişdi. Bu bəyanat Azərbaycan əsgərinin döyüş əzmini kükrətmişdi. Qələbə inamını yüksəltmişdi.
Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Türkiyədə də böyük coşqu ilə yaşanıldı.
Zəfərdən sonra Şuşada Türkiyə ilə Azərbaycan arasında ikitərəfli Bəyannamə imzalandı. Bu Bəyannamə hərbi əməkdaşlığın Bəyannaməsi kimi tarixləşdi.
İşğaldan azad edilmiş əarzilərdə aparılan quruculuq işlərində Türkiyə də yaxından iştirak edir.
Beləliklə, regionda baş verən proseslər daim Türkiyənin diqqətindədir və qardaş ölkə hər zaman birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün unikal bir nümunəyə çevrilib.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri