Müstəqil Azərbaycanın dövlətçilik salnaməsində əlamətdar gün kimi qalacaq 2021-ci ilin 15 iyun tarixi, ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədiyaşar olduğunu bir daha sübut etdi. Həmin gün Azərbaycanın əvəzsiz sərvəti və mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu sənəd, Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı ilə Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Şuşa Bəyannaməsinin məhz, Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. Dövrümüzün ən tanınmış siyasətçilərinin, politoloqlarının, diplomatlarının qiymətləndirmələrinə görə, Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin məntiqi davamı olmaqla Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir. Bu bəyannamə bölgədə yerləşən digər dövlətlərin, həmçinin, ABŞ, Britaniya, Rusiya, Fransa kimi ölkələrin regionda apardıqları siyasətin istiqamətlərində dəyişiklik etmələrinə səbəb olacaq. Əgər 100 il əvvəl, yəni Qars müqaviləsi bağlanarkən adı çəkilən dövlətlər Azərbaycanın əleyhinə eyni mövqedə dayanırdılarsa, hazırda respublika rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində əldə olunan müsbət nəticələri qəbul etmək istəyindədirlər. Regionda belə bir reallığın yaranmasında isə Türkiyə Respublikası önəmli rol oynayır. Hadisələrin gedişi Türkiyə və Azərbaycan tərəfindən regionda aparılan siyasətdə hər iki qardaş ölkənin haqlı olduğunu sübut etdi. Şuşa Bəyannaməsi reallıqları ortaya qoydu və bu tarixi gerçəkliyi siyasi, iqtisadi müstəvidə bütün region ölkələri, həmçinin, bölgədə marağı olan dövlətlər qəbul etməlidirlər. Bu sənədin əsas məqsədi tərəflərin ümumi maraqlarının qorunmasına, bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsinə, tərəflərin imkanlarının birləşdirilməsinə, həm regional, həm də, beynəlxalq əhəmiyyət daşıyan strateji məsələlərdə qarşılıqlı, vəhdət halında fəaliyyət göstərilməsinə yönəlib. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu istiqamətdə bəyannamənin ən mühüm aspektlərindən biri hərbi müttəfiqlik məsələlərini əhatə etməsidir. Bu bəyannamə ilə tərəflərin hərbi, siyasi, iqtisadi sahələrdə müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit olunmuş və bütün dünyanın diqqətinə çatdırılıb. Burada özünü daha qabarıq göstərən məsələlərdən biri də hərbi sahədə əməkdaşlıqla əlaqədar iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə digər dövlətlər tərəfindən təhdid və təcavüzlə bağlı hər hansı bir təhlükənin olması müqabilində onların fəaliyyəti ilə bağlıdır. Həm Azərbaycan və Türkiyə, həm də, ümumiyyətlə, region üçün tarixi önəm daşıyan Şuşa Bəyannaməsində qeyd edilən məsələlərin yer alması hər iki ölkə üçün təhdid mövqeyində duran bütün qüvvələrə, eyni zamanda, Ermənistandakı revanşistlərə ciddi siyasi, hərbi xəbərdarlıqdır. Bu sənədlə faktiki olaraq yeni regional hərbi-siyasi blok yaranıb ki, onun da əsas məqsədi ərazi bütövlüyünə təhdid yarandığı halda, ölkələrin bir-birinin yanında olması faktını hərbi, siyasi, diplomatik qaydalarla təsdiq etməkdən ibarətdir. Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq sahəsində bir sıra məsələlərin həllinə yol açır. Bu, hər şeydən əvvəl sənədi imzalayan hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblər səviyyəsində modernləşməsindən, Azərbaycan Silahlı Qüvvələrinin türk ordusu modelində qurulmasından, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə strateji fəaliyyətin təmin edilməsindən, hərbi təhlükəsizliyin daimi və əbədi olması üçün təxirəsalınmaz tədbirlərin reallaşdırılmasından, ən son texnologiyalara əsaslanan hərbi texnika, maşın, mexanizmlərin, silah-sursatların istehsal və idarə edilməsindən, eyni zamanda, bu istiqamətdə digər məqsədləri həyata keçirmək üçün zəruri qurumların fəaliyyətlərini tənzimləməkdən ibarətdir. Həmçinin, bəyannamə əsasında hər iki ölkənin Təhlükəsizlik şuralarının ən vacib məsələlər üzrə müzakirələri birgə iclaslarda reallaşdırmaq nəzərdə tutulub. Birgə fəaliyyətin bundan sonra vurğulanan formatda davam etdirilməsi tərəflərin bu məsələyə nə dərəcədə ciddi və məsuliyyətlə yanaşmasından xəbər verir. Bəyannamənin tarixi əhəmiyyəti həm də, onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də, regionda, eləcə də, beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə, siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq.
Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyun ayının 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi bu il fevral ayının 1-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Türkiyə və Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsi ratifikasiya üçün artıq Türkiyə Böyük Millət Məclisinə də təqdim edilib və daha sonra qanun layihəsi Xarici Əlaqələr Komitəsinə göndərilib. Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları, tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Bunun isə, iki ölkə əlaqələrinin intensivləşməsinə töhfə verəcəyi ehtimalı böyükdür. İşğaldan azad edilən ərazilərdə Türkiyə-Rusiya Müştərək Mərkəzinin fəaliyyətinə töhfə verəcək Bəyannamədə, tərəflərin regional, qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli üçün birgə səy göstərəcəyi, hər hansı dövlətin müstəqilliyinə, ərazi bütövlüyünə üçüncü dövlət tərəfindən təhdid və ya hücum zamanı tərəflərin bir-birinə lazımi yardım edəcəyi vurğulanır. Bir çox yerli və beynəlxalq araşdırmaçıların qənaətinə görə, Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə çox mühüm inkişafa səbəb ola bilər. Beləliklə, 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Onu da qeyd edim ki, hər iki dövlətin birgə ordu qüvvələri böyük bir hərbi güc deməkdir və belə güclə artıq hamı hesablaşmalı olacaq. Şuşa Bəyannaməsini tarixi Qars müqaviləsi və Moskva müqaviləsi ilə eyniləşdirirlər. Məlumdur ki, Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad edilir. Bu isə, o deməkdir ki, hər iki tərəfə qarşı silahlı təcavüz və ya beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində güc tətbiq edilərsə, o zaman Ankara ilə Bakı müştərək addım atmaq hüququnu özündə saxlayacaq. Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm, tarixi səhifədir. Bir nüansa da diqqət yetirmək lazım gəlir. Şuşa Bəyannaməsinin parlamentlər tərəfindən qəbulu Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox mühüm mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran kənar oyunçulardan gedir. Digər tərəfdən, bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki strateji müttəfiq olan qardaş ölkə həm də, iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin, hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah-sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli strukturların, qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlib. Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan ilə Türkiyə arasında münasibətlərin necə sıx, prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək, təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər isə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də, iqtisadi qüdrətini artıracaq. Bu da, yalnız iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də, dünyaya əhəmiyyətli dəstək vermiş olacaqdır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə mesajıdır. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Bəyannamənin məhz, Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi, revanşistlərə konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, hansı güclə üz-üzə qalacaqlar. Əslində, bu mesaj təkcə revanşistlərə də ünvanlanmayıb. Hansısa ölkə də Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxarsa, böyük güclə üz-üzə qalacaq. Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaq. Bu, yalnız taktiki gediş deyil, eyni zamanda dərin strateji düşüncənin məhsulu idi. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının həm siyasi, həm iqtisadi, həm hərbi, həm də, mənəvi simvoludur. Bu bəyannamənin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də, Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi yekunudur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi kəlamlarına uyğun olaraq iki qardaş dövlət arasında formalaşan münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlib.
Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixində bölgənin gələcək geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də, Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı bir cavabdır. Təbii ki, adıçəkilən sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olacaqdır. Şübhəsiz ki, bu Bəyannamə eyni zamanda Azərbaycan ilə Türkiyə dövləti arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir və region üçün yeni tarixi gerçəklik deməkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi