Ağ ev administrasiyası Yaxın Şərqdə yaşayan və işləyən minlərlə vətəndaşının mümkün təxliyə variantını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, “Washington Post” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Qəzza sektorunda vəziyyətin gərginləşməsi fonunda İsraildə və qonşu Livanda yaşayan amerikalıların taleyi xüsusi narahatlıq doğurur. Dövlət departamentinin məlumatına əsasən, hazırda İsraildə 600 minə yaxın, Livanda isə 86 min ABŞ vətəndaşı yaşayır. İraq və Suriyada dislokasiya olunan 3,4 min amerikalı hərbçi isə daha çox risk altındadır.
Qeyd edək ki, bir müddət öncə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Patrik Rayder yaxın günlərdə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyini deyib. Onun sözlərinə görə, ali hərbi rəhbərlik amerikalıların müdafiəsi üçün lazımi tədbirlər görür.