Həm Ermənistan Parlamenti tərəfindən Aİ missiyasının statusuna dair razılaşmanın tələm-tələsik ratifikasiya edilməsi, həm də ABŞ, Aİ və Ermənistanın aprelin 5-nə planlanan “təhlükəsizlik görüşü” ondan xəbər verir ki, yaxın günlərdə növbəti şou və məzhəkəyə şahidlik edəcəyik. Çünki ortalıqda premyera havası var!
Hələ mövzuya bir baxın: Təhlükəsizlik. Təsəvvür edirsinizmi? ABŞ və təhlükəsizlik. Təhlükəsizlik və Avropa. Qulağa nəsə tərs gəlir. Və dərhal da adamın gözü qarşısından İraq, Əfqanıstan, Vyetnam, Liviya, Ukrayna kimi ölkələrin taleyi kino lenti kimi gəlib keçir.
Niyəsə…
ATƏT-in Minsk Qrupunun tərkibində illərlə yuxuya qal, BMT-nin qətnamələri havada uçuşurkən mürgülə, 2-ci Qarabağ savaşının gedişində qeyb ol, gözəgörünməzə çevril, amma müharibə bitəndən sonra, sülhə bir addım qalmış ortalığa çıx və bəyan et ki, təhlükəsizlik təminatçısıyam, hə?!
Xeyir ola? İndiyə qədər harda idiniz? Siz axı ümumiyyətlə kimsiniz ki, təhlükəsizlikdən cavabdeh olasız, iki dövlət arasındakı sərhədə həmin dövlətlərdən birinin razılığı ilə missiya göndərəsiz, “loppaz-loppaz” bəyanatlar verəsiz?
Qubadı ortalığa hansı qüvvələr buraxıb, ay əlahəzrət Qərb?! Yadplanetlilərmi? Ya da Xədicəni, “Abzas Media”nı, “Toplum TV”ni, pambıq içində bəslənən “söyüş müxalifəti”ni? Bəlkə “FETÖ” havadan, sudan yaranıb? Bəlkə “İŞİD” ordusunun (?) Qərb və Avropa bölgəsində rahat-rahat keçirdiyi təlimləri görməzdən keçən biz olmuşuq? Bəlkə fransız casusunu Azərbaycana göndəmək, “araşdırmaçı” adı ilə əldə saxlanılan missionerlərə saxta bank hesabları, “kupça”lar, dezolar ötürmək göydə uçan yaz qaranquşlarının təşəbbüsü olub?
Ukraynanın daşı üstdə daş qalmayıb. Kiyevdən ruh qoxusu gəlir. Amma NATO-ya İsveçi üzv qəbul edirsiz. Türkiyə kimi nəhəng kənarda qalıb, amma Aİ-də Fransa kimi provokatorlar at oynadır. “Narıncı” və “Qızılgül” adlandırdığınız inqilablarla nə qədər dövlətin məhvinə bais oldunuz, amma yenə utanmadan təhlükəsizlikdən, ümumbəşəri dəyərlərdən, beynəlxalq hüququn ana prinsiplərindən danışırsız.
Addım atdığınız hər yerdə qan ləkələri var, cənablar! Barmaq və əl qoyduğunuz hər məkanda söz əvəzinə silahlar danışır, cənablar! Və bir tək siz deyilsiniz. Saman altdan su yeridənlərin boylandığı çəpərlər yetərincə genişlənib. Güclünü, qalibi, millini, müstəqili kimsə həzm edə bilmir. İcra başçısına qarşı terror etmək istəyən bir yandan, din adı altında daxilimizə sızmağa çalışanlar başqa yandan, içimizdəki balta sapları o biri yandan…Hansı ilə uğraşasan?! Hansı birinə çatasan…?
***
Nəhayət. Qayıdıram əvvələ:
“5 aprel paktı” nəyə hesablanıb?
1) Cənubi Qafqazdakı nüfuz savaşında Qərbin bir addım daha önə çıxmağına və Ermənistanı Rusiyanın əlindən tamamən qoparmağa.
2) Missiya adı (qiyafəsi) ilə sərhədə silahlı qüvvələr yeritməyə, bölgədə yeni müharibə xofunun yaranmasına.
3) Ən azından Rusiya-Ukrayna savaşı bitənə qədər mövcud “status-kvo”nu saxlamağa və sülh müqaviləsinin yaxın vaxtlarda imzalanmasını maksimum əngəlləməyə.
4) Diplomatik, siyasi, hərbi ziddiyyətlərin davam etməsi fonunda həmin ziddiyyətlərdən (durumdan) mümkün qədər bəhrələnməyə, öz təsir imkanlarını genişləndirməyə.
5) Bölgəyə “ezam” elədikləri casuslarla, emissarlarla daha yaxın koordinasiyada olmağa.
***
Və sonda bir məqama toxunum: Bunlar ayın tarixini çox uğursuz seçiblər.
Məsələn, aprelin 5-i əvəzinə 1-i olsaydı, o zaman deyərdim hə, haradasa uyğunluq, həmahənglik var.
Görüşərdilər, danışardılar, günün mahiyyətinə uyğun bir-birini aldadardılar, lağlağı edərdilər, həmişəki gülməli vəziyyətlərini “1 aprel” faktoru ilə sığortalayaydılar….
Yoxsa, əlində “demokl qılıncı” tut, hər yerdə müharibə təşviq elə, 3 gün əvvəl Qəzzadakı mülki əhalinin qida ilə təmin olunmasına dair sənədə veto qoy, Makron kimi avantüristdən masabəyi, Paşinyan kimi hərdəmxəyaldan tərəfdaş düzəlt, baş kəsənləri müdafiə, sülh istəyənləri məzəmmət et və… sonra da “qırmızı-qırmızı” denən ki, təhlükəsizlikdən cavabdehəm…
Nəsə düz gəlmir.
Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri