Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın xarici siyasətinin prioritetləri, beynəlxalq münasibətlər sistemində artan rolu və gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm mesajlar verdi. Dövlətimizin başçısı çıxışında regional təhlükəsizlikdən qlobal enerji siyasətinə, nəqliyyat-logistika layihələrindən beynəlxalq hüququn aliliyinə, rəqəmsal transformasiyadan çoxtərəfli əməkdaşlığa qədər geniş məsələlərə dair fikirlərini bölüşdü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Bu gün Azərbaycanın yalnız regional deyil, qlobal gündəliyin formalaşmasında da iştirak edən dövlətə çevrildiyini söyləyən komitə sədri qeyd edib ki, ölkəmiz haqlı olaraq beynəlxalq miqyasda orta güc olaraq qəbul olunur. Dayanıqlı sosial-iqtisadi inkişafa, hərbi qüdrətə, beynəlxalq münasibətlər sistemində güclü mövqeyə malik Azərbaycan artıq qlobal gündəliyin formalaşmasına təsir imkanlarını artırır.
“Enerji strategiyamızın uğurla həyata keçirilməsi nəticəsində bu gün 16 ölkəyə qaz ixrac edilir. Ümumilikdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Eyni zamanda dünyada baş verən geosiyasi dəyişikliklər fonunda tranzit əhəmiyyəti daha da artır və Avrasiya məkanının əsas logistika mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycan regionda qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin formalaşdırılmasını təmin edir. Məhz elə bu siyasətin nəticəsidir ki, hazırda Orta Dəhliz qlobal yükdaşımalarının ən perspektivli marşrutlarından biri hesab olunur”, – deyə Şahin İsmayılov qeyd edib.
Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən də bəhs edən komitə sədri tədbirin beynəlxalq media məkanında nüfuzlu platformalardan birinə çevrildiyini bildirib: “İldən-ilə iştirakçı coğrafiyasının genişlənməsi, aparıcı beynəlxalq media qurumlarının və nüfuzlu ekspertlərin Forumda təmsil olunması bu platformanın qlobal informasiya məkanında artan nüfuzunu göstərir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu platforma dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini öz gözləri ilə görməsinə, regionda yaranan yeni reallıqlarla yaxından tanış olmasına imkan yaradır. Bu isə beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.











