Doğrudan da, müəllimlik dünyada ən çətin, eyni zamanda şərəfli və gözəl peşə olduğu üçün, insanlar həmişə müəllimə hörmətlə yanaşmışdır. Müxtəlif dövrlədə müəllim əməyi milləti cəhalətdən qurtarmış və insanları tərəqqiyə aparmışdır. Müəllimlər şagirdlərin dərin, hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Təbii ki, bu əməyin nəticəsində də cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü və nümunəvi əxlaqa malik olan insanlar yetişir. Bu insanlar da öz növbəsində müasir cəmiyyət formalaşdırır və onu daha da inkişaf etdirir.
Faktiki olaraq, müəllimin peşəkarlığı təhsilalanların daha yaxşı oxumalarına, təhsil prosesində hərtərəfli bilik, bacarıq və vərdişlər qazanmalarına, mənəvi-əxlaqi dəyərlərə daha mükəmməl yiyələnmələrinə, əsl mütəxəssis kimi formalaşmalarına, cəmiyyətin layiqli üzvü kimi tərbiyə olunmalarına, milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə əlverişli zəmin yaradır. Respublikamızda aparılan təhsil islahatları pedaqoji innovasiyalara geniş yol açmaqla yanaşı, Avropa təhsil standartlarına uyğun gələn yeniliklər aparmağı, innovasiyaları tətbiq etməyi zəruri edir. Müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin artırılması bu zəruriyyətdən irəli gələrək günümüzün prioritet vəzifələrindən birinə çevrilir. Dünyada baş verən pedaqoji yenilikləri mənimsəmək, onlardan istifadə etmək və yeniliklər yaratmaqla pedaqoji fəaliyyətin məzmununu dərinləşdirmək aktual problem olaraq təhsilimizin qarşısında durur. Müəllimin peşəkarlıq səviyyəsinin artması, məhz onun pedaqoji fəaliyyəti ilə birbaşa bağlı olan bir prosesdir. Bu, hər şeydən əvvəl pedqoji fəaliyyətin özünün daim yeniliklərə tələbatının olması ilə bağlıdır. Pedaqoji fəaliyyət yenilik, innovasiya tələb edən bir işdir. Cəmiyyətin inkişaf sürəti, şagirdlərin daha çox yeniliklərə meyl etməsi, məktəbdə aparılan təlim və tərbiyə işlərinin, cəmiyyətin artan tələbləri ilə uzlaşdırılmasını tələb edir. Məktəb, dərs və müəllim şagirdləri özünə cəlb etməlidir. Şagirdlər hər gün bir yeniliklərlə qarşılaşacaqlarını, yeni biliklər əldə edəcəklərini səbrsizliklə gözləməli, məktəbə getməyə, müəllimlərlə ünsiyyətdə olmağa maraqlı olmalıdırlar. Bunu yaradan isə, şübhəsiz ki, müəllimlərdir. O müəllimlər ki, onlar pedaqoji prosesin bütün incəliklərinə bələddirlər, şagirdlərlə işləməkdən nəinki yorulurmurlar, həm də, bu işdən zövq alır, məktəblə, dərslə və öyrətməklə yaşayırlar. Yüksək peşəkarlığa malik olan belə müəllimlərin işi də, dərsləri də maraqlıdır və məzmunludur. Şagirdlər onları sevir, hörmətlə yanaşır və dərslərinə həvəs göstərirlər. Bütün bunlar, müəllimdən daim öz üzərində işləməyi, peşəkarlığını təkmilləşdirməyi tələb etməklə yanaşı, yaradıcılıq imkanlarını da genişləndirməyi və yeniliklər axtarmağı tələb edir. Peşəkar və səriştəli müəllim adını qazanmaq, həm şərəfli, həm də, çətin bir işdir. Bu ada isə, daha çox öz peşəsinin zirvəsinə yüksəlmək üçün inadla çalışan, daim axtarışda olan, yeniliklər axtara-axtara özü də yenilikçi olan, yeni pedaqoji təfəkkürə yiyələnən müəllimlər sahibi ola bilirlər. Peşəkarlıq və səriştəlilik müəllim üçün vacib olan ən mühüm keyfiyyətlər sırasında ilk yerlərdən birini tutur. Bu iki keyfiyyət pedaqoji fəaliyyətin elə mühüm tərəflərini özündə birləşdirir ki, bunlar da, öz növbəsində pedaqoji prosesin tamlığını, şəxsiyyətyönümlülüyünü, nəticəyönümlülüyünü təmin etməklə, təhsilalanların təfəkkürünün, şəxsiyyətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir və gənc nəslin zəngin biliyə, mütərəqqi dünyagörüşə malik bir şəxsiyyət kimi formalaşmasına səbəb olur. Bütün bunlar, müəllimin əslində bir müstəvidə – pedaqoji prosesdə öz fəaliyyətini peşəkarcasına yerinə yetirə bilməsi və bu prosesə professional yanaşmasıdır. Başqa sözlə, yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməsi, müəllimlik fəaliyyətini ustalıqla yerinə yetirməsi, həll edəcəyi problemi elmi şəkildə və optimal metodlarla reallaşdıra bilməsidir. Düzdür, pedaqoji biliklər müəllimə kömək edir və şagirdlərin təlim və tərbiyə olunmalarına xidmət edir. Bunlarla yanaşı, peşəkar fəaliyyət üçün zəruri olan yüksək həssaslıq, humanizm, peşə mədəniyyəti, pedaqoji fəaliyyətin inkişafının düzgün istiqamətləndirilməsi və s. kimi xüsusiyyətlər də müəllim peşəkarlığını xarakterizə edən cəhətlərindəndir. Pedaqoji səriştəlilik müəllimdən yaradıcı düşüncə, yenilikçilik meylləri, tələbatlar, pedaqoji fəaliyyət üçün xüsusi bacarıqlar, müstəqillik, həvəs, məsuliyyət və peşəsinə sevgi tələb edir. Bunları özündə təcəssüm etdirə bilən müəllim, özünün fəaliyyəti ilə təkcə qarşısındakı uşaq, yeniyetmə və gənci şəxsiyyət kimi formalaşdırmaqla qalmır. O, eyni zamanda, fəaliyyəti ilə də bir müəllim kimi özünü təqdim edir və şəxsiyyət kimi reallaşdırır, vətəndaş kimi dəyərləndirir. Sözsüz ki, müəllimin fəaliyyətindəki çatışmazlıqlar, müəllim səriştəsizliyi və işinə məsuliyyətsiz yanaşma halları, ilk növbədə onun özünə qarşı inamsızlıq yaradır, bir şəxsiyyət kimi dəyərini aşağı salır, müəllim kimi nüfuzunun itməsinə səbəb olur. Müəllim peşəkarlığı təkcə onu müəllim, peşəkar pedaqoq kimi dəyərləndirmir, həm də, bir şəxsiyyət, vətəndaş kimi fəallaşdırır və vətəndaş mövqeyi aşılayır. Bu da, öz növbəsində müəllimin düşüncə tərzini yeniləşdirir və yeni pedaqoji təfəkkürə yol açır. Müəllimin öz işinə peşəkar münasibəti onun işindən, uşaqlarla işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstərməsinə və məhsuldar işləməsinə stimul verir, yeni – yeni nailiyyətlərə ruhlandırır. Belə müəllimlər dərsdən, işdən, şagirdlərdən heç vaxt şikayət etmirlər. Əksinə, dərsdə, şagirdlərlə ünsiyyətdə böyük emosional əhval-ruhiyyədə olurlar. Maraqlıdır ki, şagirdlər də belə müəllimlərin dərslərində böyük həvəslə iştirak edir, gərginlikdən uzaq olmaqla yanaşı, öyrənməyə, yeni biliklər almağa maraqlı olurlar. Müəllimin peşəkarlıq fəaliyyəti cəmiyyətin məqsədləri və tələbatları ilə sıx əlaqəli prosesdir. Buna görə də, pedaqoji fəaliyyətin məzmunu, forma və metodları cəmiyyətin bu sahədəki tələbatlarını əsas götürməklə reallaşdırılmalıdır. Müəllimin peşəkar fəaliyyəti mürəkkəb, çoxcəhətli, problemlərlə zəngin, onların həlli isə, zehni gərginlik, qüvvə, bacarıq, axtarış və daim yeniləşmə tələb edən fəaliyyətdir. Peşəkarlıq pedaqoji fəaliyyətdəki problemlərin və vəzifələrin yaradıcı, həm də, yüksək səviyyədə yerinə yetirilməsidir. Müəllimin cəmiyyət qarşısında, vətəndaşlar qarşısında borclu olduğunu, bu vətəndaşlıq borcunun ləyaqətlə yerinə yetirilməsi üçün öz həyatının bu peşəyə bağlı olduğunu həyat kredosu kimi qəbul etməlidir. Cəmiyyətimiz elə bir inkişaf səviyyəsinə gəlib çatmışdır ki, şagirdləri müəllimin ali məktəblərdə aldıqları biliklərlə, bacarıq və vərdişlərlə təccübləndirmək mümkün deyildir. Əgər bir neçə il öncə təlim prosesində əsas informasiya mənbəyi müəllim idisə, indi bu mənbələr o qədər artmışdır ki, şagirdlərdə oxumağa, öyrənməyə həvəs yaratmaq, onları təlim fəaliyyətinə stimullaşdırmaq heç də asan iş deyildir. Bunun üçün müəllimin öz sənətinə, peşəsinə sevgisi, vurğunluğu lazımdır. Belə olduqda o, axtaracaq, öyrənəcək və şagirdləri də öyrədə biləcəkdir. Müəllimin pedaqoji fəaliyyəti bütün dövrlərdə vahid məqsəd daşısa da, onun məzmunu, reallaşması şərtləri, prinsipləri, metodları daim dəyişməkdə və inkişafda olmuşdur. Öz işini yüksək səviyyədə yerinə yetirən, yeniliyə meyl edən, novator müəllimlər olmuş və onlar özlərinin peşəkarlığı ilə böyük nüfuz qazanmışlar. Əsl müəllimlər öz peşəsini sevməklə yanaşı, onu daha da mükəmməl etməyə çalışmışlar. Müəllimin öz fəaliyyətinə yeniliklər gətirməsi, qabaqcıl təcrübəni, eləcə də, innovasiyaları tətbiq etməsi, pedaqoji peşəkarlığın özünün də təkmilləşməsinə və inkişafına səbəb olmuşdur. Buna görə də pedaqoji peşəkarlıq, pedaqoji fəaliyyət kimi daim inkişafda olmuş və müəllim peşəkarlığı ayrı-ayrı müəllimlərin işini səciyyələndirən, onu başqasından fərqləndirən, daha mükəmməl edən bir göstəriciyə çevrilmişdir. Müəllimin qarşısında əyləşən məktəblilər sabahın sahibləridir. Bugünki şagirdlər sabah ölkənin müxtəlif yerlərində, müxtəlif sahələrdə fəaliyyət göstərəcəklər. Buna görə də, müəllim heç vaxt unutmamalıdır ki, onların hal-hazırda verdiyi təlim, təhsil və tərbiyə ilə cəmiyyətin gələcəyi düzmütənasibdir. Müəllimin peşəsinə olan sevgisi, şagirdə olan məhəbbəti ilə birləşdikdə, onların sintezi müəllimi uğurlara istiqamətləndirir, kamilliyə yüksəldir. Kamil müəllim isə, peşəkardır, səriştəlidir, uşaqlara, peşəsinə olan sevgisini öz fəaliyyətində birləşdirərək daha yaxşı mütəxəssis kimi çalışan və öz işindən zövq alan ziyalıdır. Müəllim–şagird münasibətlərinin humanistləşdirilməsi böyük bir anlama – şagirdin bir şəxsiyyət kimi formalaşmasına, inkişaf etməsinə, özünüaktuallaşdırması üçün şəraitin yaradılmasına xidmət etməlidir. Şagird şəxsiyyətinə humanist yanaşma mövqeyi, həmçinin, pedaqoji ustalığa gedən ən mühüm yollardan biri, bəlkə də, birincisidir. Qabaqcıl və novator müəllimlərin təcrübəsi göstərir ki, pedaqoji prosesin əsasında bu varsa, pedaqoji ustalığın digər yollarını tapmaq, onun incə çalarlarını öyrənmək, tətbiq etmək bir o qədər çətin olmur. Əgər bu yoxdursa, hətta ən kəsərli metodların, yolların tətbiqi belə faydasız olacaqdır. Ən qabaqcıl texnologiyaların tətbiqi də, müəllimin öz üzərində daimi işləməsi də, özünü təkmilləşdirmə marağı da, məhz ilk növbədə bundan – humanizmdən, öz peşəsini və uşaqları sevməsindən irəli gəlir. Humanizm pedaqoji peşənin təkcə xüsusiyyəti deyil, eyni zamanda onun atributlarından biridir. Süni, avtoritar yolla qazanılan nüfuzdan fərqli olaraq, öz yetirmələrinə hörmətlə, qayğı ilə yanaşan, onu şəxsiyyət kimi qəbul edən, onları sevən müəllimlərin şagirdlərə məhəbbəti həmişə dərin, şagirdlərin isə, onlara inamı möhkəm olur. O müəllim özünü xoşbəxt hesab edə bilər ki, uşaqlar onun dərslərinə həvəslə gəlirlər, ayrıldıqda isə, onunla yenidən görüşmək arzusu ilə sabahı gözləyirlər.
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev həyatı boyu müəllimə yüksək dəyər vermiş, dövlət idarəçiliyinin bütün mərhələlərində müəllim adının ucalığını, nüfuz və hörmətini qorumuş, bunu başqalarından da israrla tələb etmişdir. O, Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin və rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atmışdır. Məhz Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində təhsilin inkişafı istiqamətdə irəliləyişlər başlamış, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmışdı. Ulu Öndərin bu sahəyə diqqəti çıxışlarında da daim əks olunurdu. Ümummilli Lider Heydər Əliyev: – “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən, dünyada müəllimdən şərəfli ad tanımıram.”
Bu gün, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin milli elm və təhsilin inkişafı, problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də, məhz Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır. Ölkə Prezidenti, cənab İlham Əliyevin hər il onlarca müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi, onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbətini, etimadını nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev: – “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində, cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlib, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artıb. Qazanılan uğurlar, dövlətin təhsil siyasətinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması, insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı, azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətədavamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar.”
Artıq, müstəqil bir dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qurur və bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış möhkəm təməlin üzərində Azərbaycan elmi, təhsili və məktəbi bundan sonra daha da təkminləşdiriləcəkdir.
Aytac Tapdıqova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH” qrupları fakültəsinin məzunu, Respublika əlaçısı, “STEAM”, “Sağlam təhsil-sağlam millət”, “SABAH”- VII karyera qış məktəbi və
“Gənc Liderlər” təliminin iştirakçısı, Beyləqan rayon Yunis Quliyev adına Bünyadlı
kənd tam orta məktəbin ibtidai sinif müəllimi