Bildiyimiz kimi, Zəngilan, inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Zəngilan rayonu şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə, Ermənistan Respublikası ilə həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Zəngilan rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Təəssüflər olsun ki, rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə, Qarabağ xanlığının tərkibinə daxil olmuşdur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonar, yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır və onun tərkibində Şuşa, Yelizavetpol Zəngəzur qəzaları formalaşdırılır. Yeni bölgüyə əsasən, Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir. 1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan, 1930-cu ilin avqust ayında müstəqil rayon kimi formalaşmış və dəqiq müəyyən olunmuş bir ərazisi olmuşdur. XX əsrin sonu, Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılmışdır. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələnmiş, Zəngilan da, digər rayonlarımız kimi xəyanətin qurbanı olmuşdur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdir. Oktyabr ayının sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşmüş, Sığırt və Bartaz yüksəklikləri işğal olunmuş, bununla da Zəngilanın mühasirəsi başa çatmışdır. Hazırda, Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti hələ də bəlli deyil. Hazırda, Zəngilan rayonunun 127 nəfər müharibə əlili vardır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq, bu ağır yükdən xilas oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz, rəşadətli əsgərlərimiz erməni tapdağında qalan torpaqlarımızı azad etdi və xalqımıza tarixi zəfərdən doğan əvəzsiz qürur hissi yaşatdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabr ayının 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi və işğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Müharibədən dərhal sonra, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Həmçinin, 2020-ci il noyabr ayının 26-da «Zəngilanın azad olunmasına görə” medalı təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün, rayonda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda, Ağalı kəndində icra edildi. 200 evdən ibarət gözəl bir kənd salınıb. Artıq, Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşıblar. Bu gün, Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Eləcə də, məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu vardır. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Zəngilandan keçən logistik layihələr üzərində işlər görülür. Torpaqlarımız işğaldan azad edildikdən sonra, azad edilmiş bütün torpaqları bərpa edilir və Zəngilan rayonu bu sahədə birinci rayondur…
Sabit Mehdiyev,
Beyləqan rayon təşkilatının məsləhətçisi