Sirr deyil ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyi və gələcəyidir. Dil bəşər tarixinin, insan dühasının ecazkar, hikmətli kəşflərindəndir və hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Təbii ki, dil istənilən bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən və milli varlığını mədəni təməllərə bağlayan vacib bir atributudur. Eyni zamanda, dil millətin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Sözsüz ki, milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur, çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir, çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli töhfələr vermişdir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyildir. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi. Ümummilli Lider hələ sovet dövründə mərkəzin ciddi nəzarətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında təsbitinə nail ola bilmişdi. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq, Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Tarixi günlər, milli bayramlar sırasında “Azərbaycan Əlifbası” və “Azərbaycan Dili Günü”nün xüsusi yeri var. Azərbaycan Respublikası XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra dövlətçilik tariximizin öyrənilməsinə, ana dilimizin inkişafına, qorunmasına, yeni əlifbanın tətbiqinə böyük diqqət yetirilmiş, Azərbaycan dili və əlifbası dövlətimizin əsas atributuna çevrilmişdir. Xüsusilə də, Azərbaycan əlifbası və Azərbaycan dilinin inkişafı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə özünün çiçəklənmə dövrünü yaşamışdır. Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqust ayının 1-i respublikamızda “Azərbaycan Əlifbası” və “Azərbaycan Dili Günü” kimi qeyd edilir.
Müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dil siyasətində də Ulu Öndərin strateji kursuna sadiq qalaraq onun siyasi xəttini uğurla davam etdirir. Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı olan möhtərəm Prezidentimiz, cənab İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin, mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir. Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət, qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır. Bu ənənələri ölkə Prezidenti, cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Bu gün, Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur. Azərbaycanda ana dilinin – ümumxalq dilinin tərəqqisi üçün elə bir münbit şərait yaradılmışdır ki, ondan bəhrələnmək, ona töhfə vermək hər bir azərbaycanlının ən vacib işi olmalıdır. Azərbaycan vətəndaşı olaraq bizim də ən ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan Vətən övladlarını milli ruhda tərbiyə etmək, Vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz, buna görə də, dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Unutmaq olmaz ki, dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir, çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dilin dövlət dili statusu qazanması həqiqətən də qürurverici bir tarixi hadisədir və sevindirici haldır ki, Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu mənada, hər bir azərbaycanlının müqəddəs, mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi