Prezident İlham Əliyev: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır”
Azərbaycan iqtisadiyyatının inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoyub. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilmiş, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub. Ölkədə yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılıb. Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyması dövlətin su ehtiyatlarının təminati, ümumiyyətlə, ekoloji probemlərin həlli istiqamtində atdığı növbəti addımdır. Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Prezident İlham Əliyev tədbirdə çıxışında deyib ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır: “Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür”. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır: “Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır”. Müasir dövrdə dünya birliyi ölkələrinin iqtisadi və siyasi münasibətlərində enerji təminatı və enerji daşıyıcılarından düzgün istifadə olunması problemləri ciddi rol oynayır. Durmadan artan neft-qaz hasilatı və onunla əlaqədar sənaye sahələrinin dinamik inkişafı planetimizdə ətraf mühitə mənfi təsirlərin artmasına, ekoloji tarazlığın pozulmasına səbəb olan başlıca amillərə çevrilib. Bu problemlərin həlli, ekoloji tarazlığın pozulmasına səbəb ola biləcək amillərin qarşısının alınması üçün cəmiyyətin birgə fəaliyyəti zəruridir. Bu baxımdan, ən qədim neft sənayesi ölkəsi olan Azərbaycanda, uzun illər neft-qaz hasilatı və emalı nəticəsində böyük ərazilərdə torpaqlar neft sənayesi tullantıları ilə çirklənərək yararsız hala düşüb. Neft sənayesinin inkişafı nəticəsində Abşeron yarımadasında ekoloji tarazlığın pozulması daha qabarıq şəkildə nəzərə çarpır. Yarımadanın neft-qaz hasilatı ərazilərində, istehsalat sahələrində ekoloji durumun tənzimlənməsi problemlərin operativ həllini tələb edir. Bu istiqamətdə SOCAR-ın Ekologiya İdarəsi tərəfindən də lazımı işlər görülüb. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” təsdiq edilib. Kompleks Tədbirlər Planında ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edilib. Ekoloji cəhətdən həssas ərazilərdə fəaliyyəti minimuma endirmək önəmlidir. Xəzər dənizində və başqa su hövzələrində çirklənməni qiymətləndirmək lazımdır. Çox müsbət haldır ki, müxtəlif yaşıllaşdırma tədbirləri keçirilir. Ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən texnologiyalardan istifadə sahəsində beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Ekologiya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək və ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumaq daha asan və efektlidir. Sevindirci haldır ki, bu istiqamətdə Azərbaycan dövlətinin gördüyü işləri beynəlxalq təşkilatlar da dəstəkləyirlər.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu