Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərə dair mühüm mesajlar və strateji yanaşmalar ehtiva edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər həm regional, həm də qlobal təhlükəsizlik məsələlərinə Azərbaycanın baxışını aydın şəkildə ortaya qoyur.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, bu gün dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələləri dövlətlərin gündəliyində bir nömrəli prioritet olmalıdır. Həqiqətən də müasir geosiyasi reallıqlar göstərir ki, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq kimi məsələlərin dayanıqlı şəkildə həyata keçirilməsi mümkün deyil.
Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi, regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman mütləq və əsas prioritet hesab edilib. Suverenliyin və ərazi bütövlüyünün bərpası dövlət gündəliyinin mərkəzi oxunu təşkil edib. Hazırda region xalqları cəmi yeddi aydır ki, tam sülh şəraitində yaşayır. Bu fakt onu sübut edir ki, hədəflənən sabitliyə nail olmaq məqsədilə zəruri hesab edilən güclü siyasi iradə, həmçinin sülh və ədalət sahəsində sarsılmaz sadiqlik mövcuddur. Azərbaycan uzun illər ərzində pozulmuş hüquqlarını bərpa etməklə bərabər, regionda tamamilə fərqli reallıqlar diktə edir. Cənubi Qafqaz tarixən hegemon güclərin toqquşma meydanına çevrilsə də, hazırkı şərtlər altında rəsmi Bakı xarici müdaxilələri minimuma endirməyə müvəffəq olub. Təhlükəsizliyin təmini yalnız hərbi güclə məhdudlaşmır, həm də iqtisadi müstəqillik və ardıcıl diplomatik gedişlərlə dəstəklənir.
Ermənistanla münasibətlərin nizamlanması prosesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev qeyd edib ki, əldə edilən sülh və sabitlik yalnız kağız üzərində qalmayaraq əməli şəkildə tətbiq edilir. Sərhədlərdə atışmanın, qurbanların və itkilərin sıfra enməsi vəziyyətin müsbət məcrada inkişafından xəbər verir. Reallıq ondan ibarətdir ki, Azərbaycan müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına qoyulmuş köhnə məhdudiyyətləri tamamilə aradan qaldırıb. Dövlətimiz qonşu ölkə ilə ticarətə, habelə ən vacib neft məhsullarının ixracına başlayıb. Bu addımlar göstərir ki, rəsmi Bakı regional inteqrasiya və iqtisadi əməkdaşlıq çərçivəsində praqmatik siyasət yürüdür, intiqamçılıq hisslərindən uzaqdır. İqtisadi asılılıqlar və ortaq ticarət maraqları yarandıqda müharibə riski kəskin şəkildə azalır. Qarşılıqlı iqtisadi fayda siyasi sabitliyin etibarlı təminatçısına çevrilir.
Azərbaycan dünya siyasətinin və iqtisadi landşaftın pozulduğu hazırkı mürəkkəb dövrdə digər vacib bir təcrübəsini ‒ enerji təhlükəsizliyi və həmrəyliyi modelini paylaşır. Bu siyasət də olduqca ədalətli və beynəlxalq həmrəylik prinsipinə əsaslanır. Birincisi, Azərbaycan neft, qaz və neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edərkən başqa ölkələrin vəziyyətini nəzərə alaraq dürüst və ədalətli qiymət tarazlığını qoruyur. Məhz bu xoşməramlı yanaşmanın nəticəsidir ki, ölkəmizdən qaz alan ölkələrin sayı hər il genişlənir, cəmi bir il ərzində daha dörd ölkə nəql tədarükünə qoşulmaqla Azərbaycanın tərəfdaşlarının sayı 16-ya yüksəlib. Bu sadiqlik və həmrəylik modelinə uyğun olaraq, ölkəmiz beynəlxalq bazarda etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Mövcud çağırışlar kontekstində Azərbaycan dövləti və onun Liderinin qlobal ailənin üzvlərinə təqdim etdiyi digər vacib mesaj və təcrübə formulu nəqliyyat və logistika qırılmalarının qarşısının alınması, birgə tranzit bağlantılarının qorunub saxlanılması ilə bağlıdır. Prezident İlham Əliyevin diqqətdə çatdırdığı kimi, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır.
Bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş olan, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran Azərbaycan çox ölkələrin, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edir. Eləcə də, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyir, ölkənin əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməkdə qətiyyətli addımlarını davam etdirir. Bu bağlantılar isə bütün region və ətraf coğrafiyalar üçün vahid və ortaq logistika habı formalaşdıracaq. Məhz bu reallıqlar və irəliləyən təşəbbüslər fonunda Azərbaycan dünya dövlətlərini fürsətlərdən yararlanmağa, tranzit zəncirlərini möhkəm saxlamağa dəvət edir.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri












