Heç şübhəsiz ki, hazırda ölkəmiz üçün tarixi və xüsusi əhəmiyyətə malik olan anları yaşayırıq. 7 fevral tarixində baş tutacaq prezident seçkiləri dövlətimiz və xalqımız üçün çox vacibdir və öncəki seçkilərdən tamamilə fərqlidir. Çünki müstəqil Azərbaycan tarixində ilk dəfə Prezident seçkiləri bütöv Azərbaycan ərazisində və zəfər çalmış ölkə kimi keçiriləcəkdir.
Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik arzusu ilə yaşamışdır. Biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Amma çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illəri heç də asan olmamış, əksinə keçməkeçli olmuş, xaos vəziyyətində az qala böyük əziyyətlə əldə olunan müstəqilliyimiz əldən getmişdi.
Xüsusilə 1991-1993-cü illər aralığında baş verən hadisələr Azərbaycan müstəqilliyi üçün ən böyük təhlükə hesab olunurdu. Baş verənlərə göz yummayan Azərbaycan xalqı öz xilaskarı olan Ulu Öndər Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə çağırdı və Heydər Əliyev çətin və böhran vəziyyətində olmasına baxmayaraq xalqın çağırışını səssiz qoymadı, Azərbaycan Respublikasının Prezidenti seçildi. Elə o dövrdən də yenicə müstəqillik əldə etmiş ölkəmizin parlaq səhifələri yazılmağa başladı.
Heydər Əliyev 10 il ərzində nəyinki ölkəni böhrandan xilas etdi, o cümlədən düzgün siyasət nəticəsində Azərbaycanı dünya dövlətləri arasında xüsusi bir nöqtəyə çatdırdı. Azərbaycanın siyasi, iqtisadi gücünün artması nəticəsində artıq ölkəmiz bir çox dünya dövlətlərinin və təşkilatlarının etibarlı tərəfdaşına çevrildi.
2003-cü il oktaybr ayında keçirilən seçkilərdə Heydər Əliyevin oğlu, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın səs çoxluğu ilə ölkəmizin prezidenti seçildi. Azərbaycan xalqının seçimi əbəs deyildi. Çünki xalqımız çox gözəl bilirdi ki, Heydər Əliyev məktəbi, tərbiyəsi görmüş bir insan onun qədər öz ölkəsinə bağlı olacaq, ölkəsini inkişaf etdirəcək və dünyada tanıdacaqdır.
Doğrudan da, gözlədiyimiz kimi də oldu. 2003-cü ildən başlayan bu şanlı prezidentlik dövrü artıq uğurla 20 ilini tamamladı. Atasının siyasi dəsti xəttinə sadiq qalan və daha da inkişaf etdirən İlham Əliyevin rəhbərliyində Azərbaycan nəyinki regionda, artıq avropada və dünyada demək olar ki, əksər sahələrdə aparıcı ölkələrdən birinə çevrilib.
Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün məsələlərə həssas yanaşır, şəxsən nəzarət edir, vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir.
İlham Əliyevin çıxışlarında tez-tez işlətdiyi ifadələrdən birini unutmaq olmaz: Mən Azərbaycan gəncliyinə inanıram və onlara güvənim daimidir.
Doğurdan da, son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti nəticəsində bu gün Azərbaycan dövlətinə sahiblik iqtidarına malik güclü gənclər ordusu formalaşmışdır. Azərbaycan gəncliyi həm fiziki, həm mənəvi, həmdə intellektual səviyyəsinə görə təkcə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə rəqabət aparmır, həm də onları üstələyir. Gəncliyin elmi-mədəni inkişafına qoyulan ən xırda sərmayə, göstərilən qayğı hər bir ölkənin azad və təhlükəsiz gələcəyinin qarantiyasıdır. Ölkənin gələcəyinin qarantı isə vətənpərvər, dövlətçiliyinin keşiyində durmağı özünə vətəndaşlıq borcu bilən gənc nəsildir. Bugün Azərbaycan gəncləri və könüllüləri dünya səviyyəli kütləvi tədbirlərin əsas dayağı hesab olunur.
2012-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsi, 2015-ci il ilk Avropa Oyunları, 2017-ci il İslam Həmrəylik Oyunları, hər il keçirilən Formula 1 yarışları və bu qəbildən olan yüzlərlə beynəlxalq tədbirlər məhz gənc könüllülərə həvalə olunub. Çox sevindirici haldır ki, artıq bir çox ölkələr bu model üçün Azərbaycana müraciət edir və dəstək istəyirlər. Sözsüz ki, bu da prezidentimizin gənclərə olan güvəninin nəticəsidir.
Bugün Azərbaycan gəncləri dövlətin dəstəyi ilə dünyanın bir çox tanınmış ali təhsil müəssislərində təhsil alırlar və onların bütün xərcləri məhz dövlətimiz tərəfindən qarşılanır.
2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Sevincli, qürurlu, kədərli bir dövrü özündə cəmləşdirən Vətən müharibəsi zamanı Azərbaycan xalqı əsl vətənpərvərlik və birlik nümayiş etdirdi. Yaşından, cinsindən, mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hər kəs 44 günlük tarixi Zəfər müharibəsində öz prezidentinə və ordusuna inandı, onların ətrafında “Dəmir yumruq” kimi birləşdi, maddi, mənəvi dəstəyini müzəffər Azərbaycan ordusuna yönləndirdi. Sözsüz ki, bu müharibədə Azərbaycan gənclərinin rolunu unutmaq olmaz. Mİnlərlə gənc prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışını səssiz qoymadı, müharibənin ilk anlarından etibarən könüllü şəkildə ordumuzun tərkibində bu tarixin bir parçası olmaq üçün yazıldılar və bu şanlı tarixin bir parçasına çevrildilər. Təsadüfi deyil ki, müharibə iştirakçıları, şəhid və qazilərimizin mütləq əksəriyyəti məhz müzəffər gənclərimiz oldu. Gənclərimiz başda olmaqla, bu yolda canlarından keçən bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfalar arzu edir, qarşınızda baş əyirik!
Məhz qeyd etdiyim bu nümunələr bir daha prezidentimizin gənclərə, onların inkişafına necə diqqət etdiyinin, onlara inamının mesajıdır. Və gənclərimiz də prezident İlham Əliyevə hər zaman güvənir, onun çağırışına səs verir və ətrafında birləşirlər. 7 fevral tarixində keçiriləcək seçkilərdə də bir daha prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ona səs verəcəklərini nümayiş etdirəcəklər. Azərbaycan gəncliyi yeni zəfərlərə səs verəcək!
Rəşad Bayramov
“İctimai.az” İnformasiya portalının rəhbəri
Yeni Azərbaycan Partiyasının üzvü