Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi”
28 may 1918-ci il Azərbaycan xalqının çoxminillik dövlətçilik tarixi salnaməsində böyük və əlamətdar hadisədir. Həmin gün türk dünyasında ilk dünyəvi dövlətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan edilib. Bu, bütün dünya azərbaycanlıları üçün iftixar, qürur günüdür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
İlk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət idi. İlk Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Uzun illər ərzində aparılan milli azadlıq hərəkatı zəminində böyük çətinliklərlə yaranan Azərbaycanın milli dövləti az müddətdə yaşasa da Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynayıb. Azərbaycan Xalq Cümhurriyytri 23 ay ərzində bir sıra nailiyyətlər əldə etmişdir. Belə ki, 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
Azərbaycan Respublikası özünün 2-ci dəfə müstəqilliyini elan etdikdən sonra bu müstəqilliyin qorunub saxlanmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olub. Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır problemlərlə üz-üzə qalsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Bununla Cümhuriyyət qurucularının arzuları reallaşmış oldu. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” söyləyən Ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha böyük uğurlar qazandırır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi: “Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan, Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə və tarixinə sadiqdir. Azərbaycan hazırda istər regional, istərsə də qlobal layihələrdə fəal iştirak edir. əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın daxili və xarici siyasəti yalnız özü tərəfindən müəyyənləşdirilir və heç bir xarici qüvvə buna müdaxilə edə bilmir.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi