15 iyun tarixi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə təqvimimizə yazılan bu gün müasir tariximizin ən şanlı və parlaq salnaməsinin əsasını qoydu. Bu tarixi dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyev öz müdrik fəaliyyəti ilə yazdı. Azərbaycan tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilən həmin gün xalqın və dövlətçiliyimizin xilası olaraq müstəsna əhəmiyyətə malikdir. 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı və ovaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Heydər Əliyev şəxsiyyəti öz unikallığı, təkrarolunmazlığı, siyasi xadim üçün xas olan xüsusiyyətləri ilə nəinki bu kriteriyaları əhatə edir, hətta onların əhatə dairəsindən kənara belə çıxaraq, bu siyasi məfhumu politoloji baxımdan zənginləşdirir, məzmun etibarilə çoxşaxəli edir. Siyasətçinin və liderin siyasətdə və tarixdə əbədiliyini və örnək nümunəsi olmasını müəyyən edən bu meyar məhz Heydər Əliyev kimi şəxsiyyətlərin sayəsində cilalanaraq politoloji anlayış kimi siyasi lüğətə daxil olmuş və qəbul edilmişdir.
Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti 2003-cü ildən etibarən onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu müdrik siyasətin məntiqi nəticəsidir ki, aradan keçən müddət ərzində ölkəmiz Ümummilli Lider Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçmişdir. Bütün sahələrdə əldə edilmiş uğurlarla yanaşı ordumuzun gücləndirilməsi istiqamətində yeni mərhələnin əsası qoyuldu. Xüsusilə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımız azad edildi. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda “Böyük qayıdış”ın həyata keçirilməsi məqsədilə tikinti, quruculuq və abadlıq işləri sürətlə həyata keçirilməkdədir. Azərbaycan xalqı bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini böyük qürur hissi ilə izləyir. Əminlikləə deyə bilərik ki, məhz Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilasını, dövlətimizin tərəqqisini ifadə və ehtiva etməklə yanaşı, 30 ilə yaxın müddət ərzində düşmən tapdağında qalmış torpaqlarımızın Qurtuluşunu, azad və abad məkana çevrilməsini, Azərbaycanın bütövləşməsini mümkün edən Zəfər salnaməsidir. Hazırda postmüharibə dövründə və dünyanın yeni geosiyasi vəziyyətində müstəqil Azərbaycan öz layiqli yerini tutmaqdadır. İnanırıq ki, müstəqil Azərbaycan Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da böyük uğurlara imza atacaqdır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.