Məlum olduğu kimi, Qubadlı rayonu Zəngəzur mahalının ən qədim yaşayış məskənlərindəndir. Respublikamızın cənub-qərbində yerləşən Qubadlı rayonu qərbdən Ermənistan Respublikası, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə, Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksər hissəsi Bazarçay və Həkəri çaylarının ətrafında yerləşir. Qubadlı rayonunun əsası 1933-cü ildə qoyulmuşdur və mərkəzi Qubadlı şəhəridir. 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilmiş, 1964-cü ildən isə, yenidən müstəqil rayon kimi fəaliyyətə başlamışdır.
Ötən əsrdə Qədim Qubadlı rayonu Ermənistanla həmsərhəd olduğu üçün dəfələrlə (1915, 1918, 1920-ci illərdə) erməni işğalçılarının hücumlarına məruz qalmış, kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə, bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı ermənilər torpaqlarımızdan qovulmuşdur. Azərbaycanın bu dilbər guşəsinin işğalı keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, ”dənizdən-dənizə Böyük Ermənistan” yaradılması barədə xəyalpərəst daşnakların çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. 1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir. 1993-cü il avqust ayının 31-də Qubadlı rayonu bütünlükdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon əhalisinə və dövlətə böyük həcmdə ziyan vurulub. Həmin vaxt 30 min nəfərə yaxın əhali məcburi köçkünə çevrilib. 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, 94 kənd və qəsəbə, 205 mədəni məişət obyekti, 12 tarixi abidə yandırılıb. Bir sözlə, mövcud olan bütün infrastrukturu darmadağın edən düşmən təbiətə də ciddi ziyan vurub, mədəni dini abidələri dağıdıb və tarixi yerləri məhv edib. Ermənilər Azərbaycanda möhkəmlənmək üçün yerli əhalini öz torpaqlarından qovmuş, həmin ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçirmişlər. 30 ilə yaxın bir müddət ərzində ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik göstərsələr də, bu yerlərdən azərbaycanlıların izini silə bilməmişlər. Döyüşlər zamanı Qubadlı rayonundan 238 nəfər şəhid, 190 nəfər əlil olmuşdur. 9 nəfər isə, ölümündən sonra Azərbaycan Respublikasının “Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri, 27 sentyabr 2020-ci ildə həyata keçirdiyi əks-hücum hərbi əməliyyatları nəticəsində Qubadlı şəhəri və rayonun 41 kəndi ordumuzun qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti nəticəsində, 25 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə, “Qubadlının azad olunmasına görə” medalı təsis edilmişdir.
Bu tarixi Qələbədən dərhal sonra, Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə start verilib. Ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş Planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan təmir-quruculuq işlərinin səmərəliyinin artırılması məqsədi ilə 24 noyabr 2020–ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Sərəncam imzaladı. Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin–elektrik xətlərinin, yolların çəkilişinə başlanıb. Dövlət Başçısının tapşırığına əsasən, Xudafərin-Qubadlı-Laçın və Xanlıq–Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişafı nəzərə alınmaqla inşasına başlanılmışdır. Azərbaycan Respublikanın Prezidenti, cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2021–ci il oktyabr ayının 25-də Qubadlı rayonunda səfərdə olmuş, Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak etmişlər. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir. Başlanğıcını Hacıqabul-Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığında keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Digər yol infrastruktur layihələrindən biri də uzunluğu 26 kilometr, eni 7 metr olan Qubadlı–Eyvazlı avtomobil yoludur. Ən önəmli yerlərdən birini tutan enerji təsərrüfatının qurulmsı işləri uğurla başa çatdırılıb, həmçinin, sistem əhəmiyyətli 110/35/10 kV–luq ”Qubadlı” yarımstansiyası istifadəyə verilib. Yarımstansiyanin tikintisi ilə paralel olaraq, Qubadlını Azərbaycanın ümumienerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrikenerjisi ilə təchiz edilməsi üçün “Şükürbəyli” yarımstansiyasından, “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1“, ”Qubadlı- 2“ elektrikverilişi xətti çəkilib. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Birinci xanımı Mehriban Əliyeva yarımstansiyanın açılışındada iştirak ediblər. Həmin gün, eyni zamanda Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətmətinin yeni hərbi hissə kompleksinin açılışı da olub. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun”, “ Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, idarə olunan raketlər, 120, 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər silah sistemləri mövcuddur. Bununla bərabər, hərbi hissənin istifadəsində döyüş tenikaları, yüksək keçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.
İnanırıq ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi, eyni zamanda infrastruktur layihələrin uğurla icra olunması, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gətirəcəkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi