Azərbaycanın beynəlxalq nüfuzu artır – forum ölkəmizin etibarlılığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirildi. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib və hər il ardıcıl surətdə təşkil olunan bu forumda dünya birliyi üçün, bəşəriyyət üçün bir çox aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar ətraflı dəyərləndirilib.
Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu forumun böyük rolu var.
Dövlət başçısı onu da vurğuladı ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsi aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.
Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər üzrə müzakirələr aparıldı. Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu qonaqlar, siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər tərəfindən forum çərçivəsində qlobal gündəlikdə duran aktual məsələlər müzakirə edildi.
Dünyada geosiyasi gərginliklərin artdığı, müxtəlif regionlarda qarşıdurmaların dərinləşdiyi bir dövrdə Bakıda yüzlərlə nüfuzlu beynəlxalq qonağın iştirakı ilə qlobal problemlərin müzakirəyə çıxarılması mühüm və təqdirəlayiq addımdır.
Qlobal Bakı Forumu artıq regional və beynəlxalq səviyyədə nüfuzlu diplomatik platformalardan birinə çevrilib. Hər il təşkil olunan bu forum çərçivəsində dünya birliyini narahat edən mühüm məsələlər müzakirə edilir, qlobal çağırışlar və tendensiyalar geniş şəkildə təhlil olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
Azərbaycan bu mənada unikal bir nümunədir. Bu unikallıq da ölkəmizin etimadının və nüfuzunun artmasına səbəb olur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə gedən proseslərə fəal şəkildə töhfə verməyə çalışır, qlobal təşəbbüsləri dəstəkləyir və müxtəlif platformalarda dialoqun inkişafına xidmət edən addımlar atır. Qlobal Bakı Forumu da bu baxımdan ölkəmizin sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir və gələcək üçün əhəmiyyətli töhfə hesab edilə bilər. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm ölkələrdən biridir. Bu cür qlobal tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun ona olan etimadın artmasının göstəricisidir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov











