12 dekabr Azərbaycan xalqı və dünya azərbaycanlılarının Ümummilli Lideri, müasir Azərbaycan tarixinin banisi Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, o, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq, yaşadılacaq. Hər zaman vətəni, xalqı uğrunda yorulmadan çalışmış dahi şəxsiyyət Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün həsr etdi. Onun hər zaman bir məqsədi olub- ölkəmizin suverenliyini təmin etmək, xalqın rifahını yaxşılaşdırmaq, Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq və lider ölkələrdən birinə çevirmək. Cəmi 30 ilə yaxın müddət ərzində onun görmək istədiyi Azərbaycan formalaşdı. Bu da təsadüfi deyildi. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün onun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.
Ötən əsrin sonlarında xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Yenicə müstəqilliyini əldə etmiş Azərbaycan yarıtmaz hakimiyyətin və rəhbərliyin əlində qalmışdı. Bir tərəfdən davam edən müharibə, digər tərəfdən isə ölkədə daxilində siyasi hərc-mərclik xalqın və dövlətin gələcəyini təhlükə altında atmışdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı.
Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması ümummilli liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də ulu öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, ümummilli liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir.
Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru – emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdı.
Bəli, bu gün ümummilli Liderimiz Heydər Əliyevin yarımçıq qalmış arzularını, o cümlədən ata vəsiyyətini Prezident İlham Əliyev həyata keçirir. Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Bu hissi xalqımıza Prezident İlham Əliyev bəxş edib. Ulu Öndərin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.
Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, Xocalı, Laçın və Xocavənd rayonlarının bir hissəsi, yüzlərlə qəsəbə və kəndlərimiz, strateji əhəmiyyətli Hadrut qəsəbəsi, Talış və Suqovuşan kəndlərini işğaldan azad etdi.
Düşmən Azərbaycana qarşı bütün sahələrdə acınacaqlı şəkildə məğlub oldu. İstər döyüş meydanında, istərsə də siyasi arenada Azərbaycan düşməni darmadağın etdi. Bütün meydanlarda məğlub olduğunu görən Ermənistan Baş naziri Nikol Paşinyan 9 noyabr tarixindən 10 noyabra keçən gecə məğlubiyyəti qəbul etdi, kapitulyasiyaya imza atmağa razı olduğunu bildirdi. Kapitulyasiya aktı Azərbaycanın parlaq qələbəsini bir daha sübut etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Təranə Paşayeva
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Ərazi partiya təşkilatı sədri
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru