Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında şanlı Zəfərlə başa çatan Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu hər il Qələbə sevinci ilə qeyd edir. Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” sözlərini qürurla xatırlayır. Çünki Azərbaycan xalqı artıq ali hədəfinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Milli bayramımız olan Novruzun bütün dünyada tanıdılması sahəsində də məqsədyönlü işlər görülür. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Bu gün əminliklə söyləyə bilərik ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz həm də sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.
Novruz siyasətdə bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Novruz özündə dörd ünsür, dörd bayram çərşənbəsini birləşdirir. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Novruz ənənələri incəsənətdə də yaşadılır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib.
Bu gün Novruz bayramı xalqımızın ən əziz, milli bayramı kimi yüksək səviyyədə qeyd olunur. Ən əsası isə təkcə respublikamızın bölgələrində deyil, işğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları alovlanır, bayram əhval-ruhiyyəsi yaşanır.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini