Cari ilin 20 iyul tarixi Prezident İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı və çıxışı ilə yadda qaldı.
Ölkə başçısı bildirdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Dövlət başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.
Ölkə rəhbəri vurğuladı ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər.
Ölkə başçısı söylədi ki, Azərbaycan torpaqlarının işğalı 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.
Dövlət başçısı vurğuladı ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.
Dövlət başçısı bildirdi ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində – 1918-ci ildə və müharibədən dərhal sonra, Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Proseslər 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Həqiqətlər Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı. Ermənistan hökuməti tərəfindən açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.
Tədbirdə dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri