Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Ulu Öndər deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Ümummilli Lider xarici ölkələrə səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Bu dahi şəxsiyyətin mətbuat nümayəndələrinə səmimi münasibət onları daha həvəslə işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda, cəsarətli olmağa sövq edirdi. Ulu Öndərin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, medianın fəaliyyətinin genişlənməsinə və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Bu il Milli mətbuatımızın 149 yaşı tamam olur. 1875-ci il iyulun 22-də öz dövrünün ən görkəmli və qabaqcıl ziyalılarından biri, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi olmuş və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Təəssüflər olsun ki, “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Lakin ilk milli qəzetimizin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq, “Əkinçi”nin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. O dövrün görkəmli maarifçiləri bu qəzetin səhifələrində öz yenilikçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bilmişdilər. 146 yaşını qeyd edən mətbuatımızın inkişaf tarixindən bəhs edərkən, dövlət müstəqilliyimizin bərpəsından sonrakı dövrə də toxunmaq mütləqdir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümumilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində həyata keçdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır.
Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri