Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü tarixi əhəmiyyət daşıyır. Bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Bu görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək. Məhz dövlət başçımızın prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olundu. Ancaq bu qələbə ilə kifayətlənməyərək, Prezident İlham Əliyev regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik müstəvidə də eyni dərəcədə vacib və qətiyyətli addımlar atmağa davam etdi. Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında birbaşa, maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq, Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya əsaslandığını göstərir. Ən önəmlisi isə budur ki, Prezident İlham Əliyevin illər əvvəl Zəngəzur dəhlizi ilə bağlı verdiyi vəd artıq reallaşma mərhələsinə qədəm qoyub. Dövlət başçısı dəfələrlə bildirmişdi ki, Naxçıvana quru yol bağlantısı bərpa ediləcək və bu, regional kommunikasiyaların açılması baxımından strateji əhəmiyyətə malik olacaq. Vaşinqtonda qəbul olunan sənəddə bu öhdəliklərin qarşılıqlı şəkildə tanınması və beynəlxalq nəzarət mexanizmləri ilə həyata keçirilməsi bir daha göstərir ki, Prezident İlham Əliyev verdiyi hər bir sözü əməli ilə təsdiqləyir. Zəngəzurla bağlı deyilənlər artıq kağız üzərində deyil, siyasi və diplomatik reallıqdır. Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat inteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
35 ildən çox davam edən müharibə şəraiti hər iki xalqın yaddaşında dərin izlər buraxmışdı. Minlərlə insan həyatını itirmiş, yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüş, region siyasi, iqtisadi və sosial cəhətdən ağır zərbələr almışdı. İllər boyu müxtəlif beynəlxalq qurumlar və vasitəçilər münaqişənin həllinə çalışsa da, nəticə əldə olunmamışdı. Bu dəfə isə prosesə ABŞ Prezidenti Donald Trampın şəxsən rəhbərlik etməsi həlledici rol oynadı. Sammitdə imzalanan sənədin əsas maddələri iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, diplomatik və ticarət əlaqələrinin qurulması, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı strateji nəqliyyat dəhlizinin yaradılması və 99 illik əməkdaşlıq razılaşmasıdır. Bu dəhliz vasitəsilə Azərbaycan Naxçıvanla birbaşa bağlantı əldə edəcək, Ermənistan isə ABŞ ilə strateji infrastruktur tərəfdaşlığı quracaq.
Prezident İlham Əliyev bu günü “Azərbaycan xalqının yaddaşına qürur və minnətdarlıq hissi ilə həkk olunacaq” adlandırdı. O vurğuladı ki, ABŞ-la strateji tərəfdaşlıq Azərbaycan üçün həm böyük fürsət, həm də məsuliyyətdir. Bu əməkdaşlıq enerji, süni intellekt, müdafiə, terrorizmlə mübarizə və digər sahələri əhatə edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan da bu razılaşmanı region üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirdi və Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyəcəyini bəyan etdi. Donald Tramp isə bu sənədi “sülh sazişi, atəşkəs deyil” kimi təqdim edərək, tərəflərin bundan sonra uzun müddətli dostluq və əməkdaşlıq şəraitində yaşayacaqlarına inamını ifadə etdi.
Avqustun 8-də imzalanan razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün sabitlik və inkişafın yeni bir səhifəsini açır. Sülhün gətirdiyi imkanlar iqtisadi əməkdaşlıq, regional bağlantılar və xalqlar arasında qarşılıqlı etimadın bərqərar olması baxımından misilsiz əhəmiyyət daşımaqdadır. Bu hadisə sadəcə siyasi bir razılaşma deyil, həm də regionun gələcək onilliklərini formalaşdıracaq strateji bir addımdır. Əgər tərəflər bu razılaşmanı səmimiyyətlə və ardıcıllıqla icra edərsə, Cənubi Qafqaz dünyanın ən mühüm sülh və əməkdaşlıq mərkəzlərindən birinə çevrilə bilmə potensialındadır.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri