Tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsinin hər günü hərb tariximizə Qələbə səhifəsi kimi yazıldı. Xalqımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin hər günündə xalqa etdiyi müraciətləri, verdiyi qələbə müjdələrini bu gün də qürur hissi ilə xatırlayır. Xalqımız yaxşı bilirdi ki, Ali Baş Komandanın hər müraciəti tezliklə ərazi bütövlüyümüzün təmin olunacağından xəbər verirdi. Xalqın dövlətinə, rəhbərinə olan inamı isə sonsuz idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni vəhşiləri işğal zamanı rayonun maddi-mədəni abidələrini- Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər birini məhv edilmiş və ya dağıntıya məruz qoymuşlar. Cəbrayıl rayonundan olan məcburi köçkünlərin pozulmuş hüquqlarına dünya səssiz qalmış, onlar böyük çətinliklər və məhrumiyyətlər içərisində 27 il qaçqınlıq həyatı yaşamışlar. Rayonun məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.
2020-ci il 4 oktyabr tarixini nə xalqımız, nə də cəbrayıllılar unutmur. Çünki 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndi düşmən işğalından azad edilib. Vətən müharibəsinin davam etdiyi növbəti günlərdə rəşadətli Ordumuz işğal altında olan digər ərazilərimiz kimi Cəbrayıl rayonunun digər kəndlərini də düşmən işğalından azad etdi. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri bu gün xalqımızın yaddaşına qürurlu günlər kimi yazılır. 16.11.2020-ci il tarixli səfər Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxışla yadda qaldı. 14.02.2021-ci il tarixli səfərdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanışlıq oldu. 26.04.2021-ci il tarixli səfər Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçularla görüşlə yaddaşlara yazıldı. 04.10.2021-ci il tarixli səfər isə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi ilə unudulmaz anlar kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Bəli, bu gün ötən günlərə nəzər salsaq görərik ki, Cəbrayılın işğaldan azad edilməsindən 2 il ötür və bu illər ərzində Cəbrayıl yenidən qurulur. Cəbrayıllılar ikinci nəfəs verilmiş doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o günün uzaqda olmadığına inanırlar. Ən əsası isə yurd niskilinə son qoyan Müzəffər Ali Baş Komandana, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə sonsuz minnətdarlıq edirlər. Nəinki cəbrayıllılar, eləcə də də bütün xalqımız Ali Baş Komadanın və onun şanlı ordusunun qəhrəmanlığını heç zaman unutmayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, qəhrəmanlıq dolu günlər daim xatırlanacaq.
Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri