Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin mahiyyəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və tanınması idi
Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 3 oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra ölkənin daxili siyasət sahəsində mühüm addımlar atmışdır. Azərbaycanda əsasən hüquqi dövlət quruluşu möhkəmlənmişdir. Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, vətəndaş cəmiyyətinin bütün zəruri atributlarının formalaşma prosesi strat götürmüşdür. Beləcə, Ulu Öndər Heydər Əliyev bu fəaliyyətti ilə müstəqil müasir Azərbaycanın təməlini qoymuşdır. Bu, həm də Ümummilli Liderin Vətənini xilaskarlıq missiyası idi. Çünki O, xalqın təkidili istəyi ilə Naxçıvadan Bakıya gəlmişdir. Əsas missiya isə dövləti parçalanmaqdan, xalqı xaosdan çıxarmaq idi. Ulu Öndər bu missiyasını çox böyük siyasi peşəkarlıqla yerinə yetirərək xalqı ağ günə çıxardı. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Buna görə də hazırda Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Çünki Ulu Öndər dünya azərbaycanlılarını bir milli ideologiya, əqidə birliyi əsasında birləşdirib. Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının həmrəyiliyinin möhkəmlənməsi üçün əsas amildir.
Ulu Öndər Heydər Əliyevin həyata keçirtdiyi xarici siyasətin prioritetlərinin uğurla yerinə yetirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz imicini qorumuşdur. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Bu uğurla həyata keçirilən həm siyasi, həm də iqtisadi fəaliyyətin, beynəlxlaq əməkdaşlığın müsbət nəticələridir.
Bu gün artıq dünya Azərbaycanı svili və demokratik ölkə olaraq tanıyır. Bu da Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində baş vermişdir. Məhz 3 oktyabrdan sonra Odlar Yurdu Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ulu Öndər Heydər Əliyevin bir çox çıxışlarından və atdığı addımlardan da göründüyü kimi, onun dövlətçilik siyasətinin mahiyyəti Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və tanınması idi: “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir”. Bu dahi insanın təliminə görə siyasət və uzaqgörənlik qarşılıqlı vəhdətdədir. Hazırda biz bu vəhdəti Prezident İlham Əliyevin fəaliyyətində görürük. Cənab Prezident böyük uzaqgörənliklə Ulu Öndərin siyasi xəttini Azərbaycan dövlətinin dayanıqlı inkişafı naminə və xalqın istəyinə uyğun olaraq yürüdür.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi