“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında proqram xarakterli çıxışı respublikanın müasir inkişaf mərhələsinin strateji parametrlərini və geostrateji prioritetlərini müəyyənləşdirən mühüm tarixi hadisəyə çevrildi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə hakim partiyanın fəaliyyət xəttinə deyil, bütövlükdə Azərbaycan dövlətinin suverenlik konsepsiyasına təzə nəfəs verərək, ölkənin daxili sabit mühiti ilə xarici çağırışları arasındakı mürəkkəb dinamikanı dəqiqliklə uzlaşdırır, digər sözlərlə, YAP qurultayı Azərbaycanın suveren siyasi kursunu möhkəmləndirdi. Daxili təhlükəsizlik və ideoloji sabitliyin tam təmin edildiyi bir şəraitdə, dövlət suverenliyinə qarşı potensial risklərin yalnız transmilli və xarici mənşəli olduğu aydın şəkildə bəyan edildi, bu məqam isə milli təhlükəsizlik arxitekturasının gücləndirilməsini yeni mərhələdə əsas tələb kimi ortaya qoydu.”
Bu fikirləri “İctimai.az”a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycanın müstəqil xarici siyasət xətti və regionda getdikcə artan geosiyasi çəkisi xarici güc mərkəzlərinin təzyiq mexanizmlərini işə salmasına rəvac verir. Geosiyasi reallıqlar göstərir ki, öz suveren hüquqlarını qətiyyətlə qoruyan və kənar diktələri rədd edən dövlətlər daim müxtəlif hibrid hədələrlə, informasiya hücumları ilə yüzləşirlər. Bu kontekstdə, cavab tədbirlərinin adekvatlıq prinsipindən də üstün olacağı, yəni milli maraqlara yönəlmiş hər bir təhdidə qat-qat güclü reaksiya veriləcəyi barədə xəbərdarlıq Azərbaycanın prinsipial müdafiə və çəkindirmə strategiyasının təməl prinsipini təşkil edir. Kənar müdaxilə cəhdlərinə qarşı nümayiş etdirilən bu sərt mövqe ölkənin öz taleyini özü həll etmək iradəsinin bariz göstəricisidir.
“Tarixi ədalətin və ərazi bütövlüyünün bərpası məsələsində xarici “havadar” və ya “himayədar” amilinin tamamilə istisna olunması çıxışın ən mühüm konsepsiyalarından birini təşkil edir. Çox vaxt beynəlxalq analitik dairələrdə formalaşdırılmağa çalışan yanlış rəylərin əksinə olaraq, Zəfər yürüşü və suverenliyin tam bərqərar olunması sırf Azərbaycan xalqının milli iradəsi, güclü iqtisadiyyat və müzəffər ordunun rəşadəti hesabına baş tutdu. Müdafiə imkanlarının formalaşdırılması zamanı tətbiq edilən kommersiya və bərabərhüquqlu tərəfdaşlıq modeli, yəni hərbi texnikanın yalnız öz maliyyə resursları hesabına satın alınması respublikanı heç bir xarici gücdən asılı vəziyyətə salmadı, əksinə, beynəlxalq münasibətlər sistemində onun tam müstəqil subyektliyini təmin etdi” – deyə deputat diqqətə çatdırıb.
K.Bayramov bununla yanaşı qryd edib ki,, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, həyata keçirilən nəhəng infrastruktura layihələri və “Böyük Qayıdış” proqramı çərçivəsində on minlərlə soydaşımızın doğma yurdlarına qayıtması əldə olunmuş hərbi-siyasi uğurların iqtisadi və sosial baxımdan möhkəmləndirilməsinə xidmət edir. Milyardlarla manat həcmində investisiyaların sırf daxili imkanlar hesabına bu ərazilərə yönəldilməsi geostrateji reallıqların dönməz xarakter almasını təmin edir. Ərazinin məskunlaşdırılması və iqtisadi dövriyyəyə cəlb olunması suverenliyin praktiki müstəvidə reallaşdırılmasının ən effektiv mexanizmi kimi çıxış edir.
“Milli inkişaf modelinin bu şəkildə möhkəmlənməsi ekspert dairələri tərəfindən Azərbaycanın beynəlxalq münasibətlər sistemində keyfiyyətcə yeni statusa – orta güc səviyyəsinə yüksəlməsi kimi dəyərləndirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən, Xəzər, Qara və Aralıq dənizi hövzələri, Mərkəzi Asiya və Körfəz ölkələri ilə çoxşaxəli strateji əlaqələr quran Bakı, artıq regional çərçivələri aşaraq qlobal geoiqtisadiyyatın mühüm oyunçusuna çevrilib. Çoxvektorlu diplomatik strategiyanın uğurla icrası isə ölkənin qlobal dialoq platformalarında, o cümlədən aparıcı beynəlxalq təşkilat və birliklərdə nüfuzunun artmasını şərtləndirir” – deyə deputat əlavə edib.
O vurğulayıb ki, qlobal miqyasda hərbi-siyasi gərginliyin dərinləşdiyi, bloklaşma tendensiyalarının gücləndiyi mürəkkəb bir dövrdə Azərbaycanın balanslaşdırılmış diplomatik xətt yürütməsi həyati əhəmiyyət kəsb edir. Böyük güclərin qarşıdurma meydanına çevrilməmək, müxtəlif alyansların geosiyasi oyunlarında alətə çevrilmə riskini neytrallaşdırmaq üçün daxili həmrəyliyin, informasiya təhlükəsizliyinin və hərbi hazırlığın ən yüksək səviyyədə saxlanılması tələb olunur. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və müasir dövrün reallıqlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən təkmilləşdirilən bu dövlətçilik xətti Azərbaycanın gələcək təhlükəsizliyinin, dayanıqlı inkişafının və sarsılmaz suverenliyinin yeganə etibarlı zəmanətidir.











