Məlum tarixi bir faktdır ki, 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçın rayonunun işğalından sonra, Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi, yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcər rayonunun mühasirədə qalmasından yararlanaraq, Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprel ayının 2-də oranı işğal etdilər. Həmçinin, Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz, bu üstünlükləri əldə etdikdən sonra, çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi. Kəlbəcər rayonu uğrunda gedən qanlı döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər isə, əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.
Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır ki, bu təbii sərvətlər də, 30 ilə yaxın bir müddət ərzində erməni quldurları tərəfindən talan edilmişdir. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən, 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev rəhbərlik etdiyi rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsi dövründə düşməni darmadağın etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Təbii ki, Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabr ayının 10-da imzaladığı Üçtərəfli Bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Azərbaycan Ağdamı, və Kəlbəcər rayonunu isə, siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər rayonu da, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq, bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 27 illik işğaldan sonra, Kəlbəcər azadlığına, öz sahiblərinə qovuşdu. Bu möhtəşəm nailiyyət, öz növbəsində, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcər rayonunun qaytarılması, Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Kəlbəcərin rayonunun ermənilərdən boşaldılması, işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcər rayonundan qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana qaçan “sakinlər” ermənilərin məzhəkə nümunəsi olmaqla yanaşı, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara və digər yerlərə od vuran ermənilər isə, vəhşi, dağıdıcı xislətlərinin nümayişi idi. Hətta, Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması, sözsüz ki, düşmənin mənəvi-əxlaqi baxımdan deqradasiyanı dünyaya nümayiş etdirdi.
Bildiyimiz kimi, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, vurulmuş ziyanın ödəməyə məcbur ediləcəkdir.
Bu gün, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir. Bütün dünya çox yaxşı bilir ki, Ermənistan məğlub edilmiş, Azərbaycan isə, Zəfər qazanmış bir ölkədir.
Kəlbəcər bizimdir!. Qarabağ Azərbaycandır!…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi