İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana rəsmi səfərə gəlir.
“Qafqazinfo” İsrail mətbuatına istinadən xəbər verir ki, iyulun 14-dək davam edəcək səfər şərçivəsində Qallant Prezident İlham Əliyev, azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
“Azərbaycana səfərin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı daha da gücləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiya sahəsində əlaqələrin genişləndirilməsidir. Görüşlərdə Qallantın həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir”, – deyə İsrailin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edək ki, İsrail mediası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün öncə saxladığı Azərbaycanda terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı Favzan Musa Xanın (Fawzan Mosa Khan) hədəfinin məhz İsrailin Bakıdakı səfirliyi olduğunu iddia edib.