Azərbaycan Respublikasının hədəfi istilik effekti yaradan tullantıların azaldılmasıdır
Hazırda Azərbaycan inkişaf tempinə görə ən irəlidə gedən ölkələrdən biridir. Prezident İlham Əliyev xalq tərəfindən seçilən və xalq tərəfindən də dəstəklənən bir liderdir. Azərbaycan rəhbərliyi balanslaşdırılmış siyasət yürüdür və heç bir dövlətin daxili işinə qarışmadan, digərlərinin də bizim daxili işimizə qarışılmasına imkan vermir. Ölkəmizin siyasi-iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı cənab Prezidentin atdığı qətiyyətli addımlar xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Məhz buna görə də 2024-cü ilin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız cənab İlham Əliyevi böyük səs çoxluğu ilə yenidən Azərbaycanın Prezidenti seçdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı edib. Həmin zaman cənab Prezident “Euronews” telekanalına verdiyi müsahibədə Qoşulmama Hərəkatında Azərbaycanın rolundan da danışıb: “Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq”. Əlbəttə ki, bütün bunlar ölkəmiz üçün əlamətdar nailiyyətlərdir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası 2011-ci ildə Qoşulmama Hərəkatının tamhüquqlu üzvü olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan bəri Hərəkatın fəaliyyətinə önəmli töhfələr verir. Buna görə də, 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə Toplantısında Hərəkatın üzv dövlətləri yekdilliklə Azərbaycanın təşkilatın növbəti sədr ölkəsi seçilməsinə razılıq vermişlər. Azərbaycanın Qoşulmama Hərəkatında 2019-2022-ci illər üçün sədrliyi 2019-cu il oktyabrın 25-26-da keçirilən Bakı Zirvə Toplantısında başlamışdır. Daha sonra üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılmışdır.
COVID-19 pandemiyasına qarşı qlobal mübarizə məqsədilə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra önəmli təşəbbüsləri olmuşdur. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti, 2020-ci ilin dekabrında isə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir. Həmçinin bu dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilmişdir. Bundan əlavə, ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib.
Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycan amilinin əhəmiyyəti artır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Azərbaycan neft-qaz ölkəsi olsa da, ölkəmizdə bu təbii sərvətlərin iqlim dəyişlərinə təsiri munimum səviyyədədir. Dövlətin hədəfi istilik effekti yaradan tullantıların azaldılmasıdır. Bununla bağlı Azərbaycan istənilən dövlətlə əmədaşlıqda maraqlıdır. Prezident İlham Əliyev müsahbədə bildirdiyi kimi, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq: “Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”. Hazırda bütün bəşəriyyət üçün böyük təhlükələrdən biri də qlobal iqlim dəyişmələridir. İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizədə Azərbaycan ön sıralardadır. Bu istiqamətdə texnologiyalara keçid istiqamətində addımlar atılır. Yeri gəlmişkən, rəsmi məlumatlar görə, bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına öhdək götürüb. 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir. Bütün bunlarla bağlı Azərbaycan beynəlxaq əmkdaşlığını ildən-ilə daha da gücləndirir. Artıq Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində bir sıra nailiyyətlər əldə edilib.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent