Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə, regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş prezident seçkilərinə YAP Sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Prezident İlham Əliyev ötən dövr ərzində fəaliyyəti ilə nəinki Azərbaycanda, həm də dünya miqyasında uğurlu siyasətçi və dövlət xadimi obrazını yarada bilib. Onun fikrincə, Prezident İlham Əliyev uğurlu fəaliyyəti ilə, eyni zamanda, Azərbaycanın gələcək obrazını yaradıb: “O nəinki Azərbaycanın gələcək obrazını yaratdı, eyni zamanda, regionun gələcəyi ilə bağlı özülləri qoydu. Qarabağ probleminin həll olunması ilə Azərbaycanın və Cənubi Qafqazın regionda, dünyada yeri və rolu önə çıxdı. Məhz budur gələcəyə yön verən və Azərbaycanın yerini müəyyən edən lider”.
Millət vəkilinin fikrincə, tarixi Zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, qarşıda yenə də müəyyən hədəflərimiz var ki, Prezident İlham Əliyevin liderliyi ilə buna nail olacağımız şübhəsizdir. Ona görə də, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi milli maraqlarımızın gələcəkdə də uğurla təmin olunması baxımından başlıca şərtdir. Ş.İsmayılov söyləyib ki, İlham Əliyevin növbəti dönəmdə Prezident seçilməsi nəinki Azərbaycan üçün, o cümlədən beynəlxalq miqyasda da bir siyasi arzu və ümiddir: “Çünki Prezident İlham Əliyev beynəlxalq miqyasda özünəməxsus yeri və rolu olan bir liderdir. Ona görə də, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ciddi əsaslara söykənir”.
“YAP İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii qanunauyğunluqdur. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı məhz Azərbaycan xalqının mövqeyinin göstəricisidir”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, bu qərar hər bir fərd tərəfindən rəğbətlə qarşılanır. Çünki İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bilavasitə sosial sifarişdir. Onun sözlərinə görə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Azərbaycan xalqı 30 il Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdi. Torpaqlarımızın azad edilməsi bu müddət ərzində dövlətimizin və partiyamızın qarşısında dayanan bir nömrəli vəzifə idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən ərazilərimizin işğaldan azad olundu və xalqımız ən böyük arzusuna çatdı. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə də xalqımız dövlət başçısının yanında oldu, ona güclü dəstək nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqının öz liderinə inam və etimadı sarsılmazdır. Bütün bunların fonunda YAP İdarə Heyətinin məlum qərarı məhz xalqın iradəsinin ifadəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb: “Bütün bunların fonunda gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirib”.