“XX əsrin sonlarında Sovet İttifaqının süquta uğraması və müasir dünya düzəninin formalaşmağa, beynəlxalq arenada yeni münasibətlərin təşəkkül tapmağa başladığı bir dövrdə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoydu. Ciddi təbəddülatlar və təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmış xalqımız ağır sınaqları arxada qoyaraq aydın gələcəyə doğru inamla addımlamağı bacardı. Baş verənlərə 30 il sonra yaranmış reallıqlar prizmasından nəzər saldıqda Azərbaycanı ağır böhrandan sabit və etibarlı bir dövlət kimi çıxaran geosiyasi, sosial, iqtisadi, hərbi amillərin uzun bir siyahısını tərtib etmək mümkündür. Lakin, heç şübhəsiz, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi liderin mövcudluğu olub. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır.
Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olması idi. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.
SSRİ-nin dağılmasından sonra yaranan dövlətlərdən Azərbaycanı fərqləndirən yalnız özünəməxsus tarixi ənənələri, keçmişi deyil, həm də qarşılaşdığı çağırışların, üzləşdiyi problemlərin mürəkkəb xarakteri oldu. Azərbaycanı tarixin bəlkə də ən həlledici mərhələsində ağır böhrandan qurtaran Ümummilli Liderin bünövrədən qurmağa başladığı müstəqil Azərbaycan postsovet məkanında münaqişə və müharibələrin adi həyat normasına çevrildiyi, qeyri-müəyyənliyin ictimai təfəkkürdə reallıq kimi qəbul olunduğu, keçmişlə bütün bağların qopduğu, gələcəyə aparan körpülərin hələ qurulmadığı bir dövrdə dünyanın siyasi səhnəsinə inamla çıxdı.
1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi:
– müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi;
– ictimai-siyasi sabitlik;
– iqtisadi inkişaf və güclü iqtisadiyyat;
– islahatlar və müasir cəmiyyət quruculuğu;
– müasir və güclü ordu quruculuğu;
– suverenlik, ərazi bütövlüyünün bərpası;
– beynəlxalq münasibətlər sisteminə inteqrasiya;
– azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik;
– milli ənənələrə və tarixi köklərə bağlılıq.
Bu mürəkkəb, taleyüklü məsələlərin həlli üçün təqdim olunan inkişaf strategiyası, ilk növbədə, digər güclərin iradəsindən asılı olmayan və yalnız milli maraqları rəhbər tutan müstəqil siyasətin həyata keçirilməsini, ölkədə separatçılıq və mərkəzdənqaçma meyillərinin qarşısının alınmasını və sabitliyin, təhlükəsizlik mühitinin bərqərar edilməsini, institusional islahatların həyata keçirilməsi yolu ilə müasir dövlət idarəçiliyinin və mütərəqqi ictimai münasibətlərin formalaşdırılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu və etibarlı əlaqələrin qurulmasını, mühüm enerji layihələrinin reallaşdırılması və iqtisadi inkişaf üçün zəruri resursların əldə edilməsini, cəmiyyətin müxtəlif sosial təbəqələri arasında azərbaycançılıq ideologiyasına əsaslanan sıx birliyin təminatını və son nəticədə ölkənin ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tuturdu. Ulu Öndərin milli ideyaya, milli-mənəvi dəyərlərə dərin bağlılığı, irəli sürdüyü təşəbbüslərin, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai etimad Azərbaycanın qurtuluşunun siyasi-fəlsəfi mahiyyətini təşkil edən mühüm amildir.
Müstəqilliyin ilk illərində parçalanmaq və dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı bu fəlakətdən yalnız Heydər Əliyevin qurtara biləcəyini təkcə onun tərəfdarları deyil, rəqibləri də yaxşı anlayırdı. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış silahlı qarşıdurma cəhdlərinə məhz güclü siyasi xadim, praqmatik lider, müdrik dövlət adamı kimi Heydər Əliyevin titanik səyləri nəticəsində qısa müddətdə son qoyuldu, siyasi mübarizə küçə və meydanlardan parlamentə, seçki platformasına transformasiya olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi.
Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. 1990-cı illərdə bir çoxları dünyanın iki fərqli sivilizasiyasını qovuşduran bütün körpülərin yandırılacağını, planetin coğrafiyasından silinəcəyini güman edirdilər. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması və sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən enerji layihələrinin həyata vəsiqə qazanması ilə bu gümanlar yox oldu. Bu, əlbəttə, Heydər Əliyev siyasi dühasının nəinki Azərbaycan və Cənubi Qafqazın, eyni zamanda, bu gün – XXI əsrdə 30 il öncəkindən daha böyük aktuallıq kəsb edən Avropanın təhlükəsizliyinə tarixi töhfəsi kimi qiymətləndirilir.
1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu. Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi idi. Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalıydı. Dünya təcrübəsinə nəzər yetirsək görərik ki, bir çox hallarda uğurla inkişaf edən ölkələr məhz mövcud siyasi kursun dəyişdirilməsi nəticəsində tarixi nailiyyətləri əldən vermişdilər. Milli inkişaf xətti ilə ardıcıl və dinamik surətdə irəliləyən Azərbaycanın qarşısında isə güclü dövlət quruculuğunun tamamlanması və keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpa olunması kimi mürəkkəb məsələlər dayanırdı.
Cənab İlham Əliyevin xalqın böyük etimadını və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi 2003-cü ildən sonrakı dövrdə ölkəmizlə bağlı öz mənafelərinə uyğun planlar quran bəzi daxili və xarici qüvvələrin ssenarilərinin üstündən xətt çəkdi. Məhz siyasi-ideoloji varislik Prezident İlham Əliyevə Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirməyə, müstəqil, düşünülmüş və prinsipial siyasət yürütməyə imkan yaratdı.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamış, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır.
Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyinə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.
Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilmişdir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Oktyabrın 7-də Ədliyyə Nazirliyində bu münasibətlə kollegiya iclası keçirilmiş, Ümummilli Liderin yubileyinin ədliyyə orqanlarında və məhkəmələrdə geniş qeyd olunmasına, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə, hüquq cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfransların, elmi simpoziumların, ictimai müzakirələrin, habelə kütləvi-mədəni, xeyriyyə və digər tədbirlərin təşkilinə, mütəmadi maarifləndirmə işinin aparılmasına və nazirliyin təhsil müəssisələrində xüsusi mövzuların tədrisinə dair konkret tapşırıqlar verilmişdir.
Famil Kazımov
Salyan regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri