“Dünyada gedən prosesləri proqnozlaşdırmaq olmur. Yaxın Şərqdə baş verən hadisələr bunun bariz nümunəsidir. Digər tərəfdən isə Rusiya-Qərb geosiyasi qarşıdurmasının necə nəticələnəcəyi də bilinmir. Bu səbəbdən də son vaxtlarda regionumuzda və digər qonşu regionlarda baş verənləri nəzərə aldıqda təhlükəsizlik mövzusu hər bir ölkənin başlıca prioriteti olmalıdır”.
Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, bütün baş verən bu proseslərə nəzər saldıqda bir daha Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində necə düzgün siyasət yürütdüyünün şahidi oluruq. “Cənab Prezidentin yürütdüyü siyasətin ana xətti Azərbaycanın təhlükəsiziliyini etibarlı şəkildə təmin etmək üçün müdafiə qabliyyətini gücləndirmək olub. Cənab Prezidentin rəhbərliyi altında dünyada baş verən prosesləri nəzərə alaraq Azərbaycanın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilib müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində çoxşaxəli siyasət yürüdülür. Belə ki, cənab Prezident Azərbaycan suverenliyini etibarlı şəkildə müdafiə etmək üçün təkcə ordunu gücləndirmir, eyni zamanda müasir dünyanın qlobal çağırışlarına uyğun milli maraqlarımıza cavab verən çevik siyasət yürütməklə buna nail olur”, – deputat qeyd edib.
Deputat əlavə edib ki, regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli enerji, iqtisadi və logistik layihələr məhz bu siyasətin tərkib hissəsidir: “Azərbaycanın təşəbbüskarlığı ilə həyata keçirilən bu siyasət nəticəsində bölgədə vəziyyət dəyişərək ölkəmizin xeyrinə olan geosiyasi bir mənzərə formalaşıb. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini təmin edib Ermənistanın işğlaçılıq siyasətinə son qoyub. Əgər zamanında belə bir düzgün siyasi xətt seçilməsəydi Azərbaycan torpaqları hələ də işğal altında qalmış olardı. Ancaq cənab Prezidentin konkret hədəflərə xidmət edən uzaqgörən siyasəti nəticəsində Azərbaycan Qarabağ problemini həll edib ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, eyni zamanda Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb dünyanın nüfuzlu ölkələrindən birinə çevrildi.
Bu gün əsas hədəflərdən biri Ermənistanla sülh sazişinin imzalanmasıdır. Ermənistanın törətdiyi vəhşiliklərə baxmayaraq Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunması, düşmənçiliyə son verilməsi üçün sülh təşəbbüsü ilə çıxış edərək şərtlərini irəli sürüb. Azərbaycan qalib ölkə olsa da, sülh tərəfdarı olduğunu davamlı olaraq nümayiş etdirir. Təəssüflər olsun ki, sülh sazişinin imzalanmasını gecikdirən tərəf varsa, o da Ermənistan tərəfidir. Ermənistan tərəfi sülh imzalamaq əvəzinə hələ də erməni xalqının xeyrinə olmayan, onları fəlakətə sürükləyən bəzi havadarlarının pis məsləhətlərinə uyaraq sülhə əngəl yaratmaqdadır. Amma unudurlar ki, arxalarında kimin dayanmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik. İrəvandakılar Ermənistanın bir dövlət kimi bu coğrafiyada sabit bir ölkə olaraq qalmasını istəyirlərsə, o zaman Bakının şərtlərinə uyğun sülh sazişi imzalayıb qonşuları ilə normal əməkdaşlıq münasibətləri qurmalıdır. Bu olarsa, o zaman Ermənistan üzləşdikləri böhrandan xilas olub normal inkişaf mərhələsinə qədəm qoya bilər. Əks təqdirdə, Ermənistan hər zaman kimlərinsə əlində vasitəyə çevrilməklə təhdidlərlə üz-üzə qalacaq.
İrəvanın Bakının şərtləri əsasında sülh sazişi imzalaması ilə Ermənistanın regionda reallaşan logistik layihələrdən faydalanmaqla cəlbedici bir ölkəyə çevrilmək imkanları mövcuddur. Hazırda regionun gələcək inkişafını və əməkdaşlıq münasibətlərini yeni bir mərhələyə çıxarmaq baxımından Orta Dəhliz layihəsi mühüm rol oynayacaq. Orta Dəhliz Qərblə Şərqi birləşdirəcək çox böyük imkanlara malik olacaq bir layihə olacaq. Bundan əlavə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Əgər İrəvan bu imkanları zamanıda dəyələndirərsə, o zaman bu imkanlardan faydalana biləcək. Hesab edirəm ki, İrəvan tərəfinin son günlərdə atdığı addımlar buna müəyyən bir əminlik yaradır.
Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli formatda danışıqlar bölgədə daha etirbarlı sülhün yaranmasına öz töhfəsini verə bilər. Bu həm tərələr arasında tez bir zamanda etimad mühitinin fomalaşmasına, həm də ortadakı bütün anlaşılmazlıqlar və problemlərin həllinə yardım edə bilər. Digər vasitəçilər bölgədə maraqlaırnı təmin etmək üçün bir çox hallarda sülhün əldə olunmasına əngəllər yaradırlar. Cənab Prezident bununla bağlı mövqeyini dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda da açıq şəkildə bəyan edib. Prezident digər platformalardakı danışıqların elə də effektiv olmadığından aktuallığını itiridiyini bildirib. Ölkə başçısının bəyan etdiyi kimi, Ermənistan üzləşdiyi dalandan xilas olmaq istəyirsə, bu addımları atmalıdır. Destruktiv mövqe Ermənistana heç bir fayda verməyəcək. Azərbaycan tərəfi bəyan edib ki, alternativlər tükənməzdir. İndiyədək Azərbaycan Gürcüstan üzərindən keçməklə bu layihələri icra edir. Digər alternativlər də mövcuddur. İrəvan Bakının Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul etmədiyindən İran üzərindən keçməklə Naxçıvana və oradan da Türkiyəyə çıxış əldə etmək istiqamətində işlərini davam etdirir. İndi seçim Ermənistanındır. Bundan itirən tərəf varsa, o da Ermənistandır. Digər mühüm məqam isə ondan ibarətdir ki, Ermənistan Azərbaycan üzərindən istifadə etməklə ilin istənilən vaxtında dünyanın istənilən ölkəsinə çıxış imkanı əldə etmiş olacaq. Ermənistanın bu gün istifadə etdiyi yollar heç də ilin bütün vaxtlarında açıq olmur və bu da ölkə iqtisadiyyatına böyük ziyan vurur. Odur ki, İrəvan bütün bunlardan nəticə çıxarıb, yaranmış fürsətdən faydalanıb tez bir zamanda qərar verməlidir. Ermənistanı üzləşdiyi bütün fəlakətlərdən xilas edə biləck ölkə varsa, o da Azərbaycandır”.