Şuşanın bərpası başlanılıbdır, bir müddət öncə Baş plan təsdiq edilibdir və indi artıq ilk yaşayış layihəsi icra olunur.
Məlum olduğu kimi, 1990-cı ilin əvvəllərində Şuşa öz tarixinin ən faciəli günlərini yaşayırdı. Şəhərin müdafiəsini təşkil etmək günü-gündən çətinləşirdi. Həmin illər ölkədə cərəyan edən hadisələr Şuşanın işğalını gözlənilən edirdi və 8 may 1992-ci ildə Azərbaycanın, Qarabağın döyünən ürəyi olan Şuşa işğal olundu. İşğal illərində Qarabağın bütün yaşayış məntəqələrində olduğu kimi, Şuşada da mədəniyyət abidələri təhqir edildi, dağıdıldı. Faşist ermənilər şəhərdə olan bütün heykəlləri, büstləri güllələməklə qalmadı, üstəlik, onları satmağa da cəhd etdilər, ancaq qədirbilən dövlətimiz işğalçıların bu mənfur planını da puç etdi. Onlara sahib çıxdı. Şuşadan bizə gözdağı kimi qalan büstlər şəhər azad edildikdən sonra buradakı İncəsənət muzeyinin həyətinə qoyuldu. Gözdağı gözdənuzaq olmadı. Bir vaxtlar Şuşanın işğalını “dağlarda toy” adlandıran erməni separatçıları bu faciəli tamaşaya xarici havadarlarını da dəvət etmiş, uzun illər Şuşanı hərbi-siyasi göstəriş meydanına çevirmişdilər. Ermənistan rəhbərliyi bu yerləri öz oylağına çevirib sərxoş rəqs eləməkdən tutmuş “Qarabağ, Ermənistandır və nöqtə” qədər sərsəm bəyanat verməkdən də çəkinməmişdi. Ölkə Prezidenti, cənab İlham Əliyev ən yüksək tribunadan ona sərt cavab vermişdi: “Qarabağ Azərbaycanın qədim və tarixi torpağıdır. Odur ki, Qarabağ Azərbaycandır və nida!” Əsl cavab isə, hələ irəlidə idi. Dünya 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal olunmasına göz yumdu. Haqqı, ədaləti dilə gətirmədi. Buna görə də, Azərbaycan ermənilərin silahla yaratdığı qondarma mənzərəni elə silahla silib öz tarixi görkəminə qaytarmağa qərar verdi. Müharibə başlayanda əsas hədəf Şuşa idi. Cənab Ali Baş Komandan, möhtərəm İlham Əliyev daxilən qərar vermişdi ki, “Şuşasız işimiz yarımçıq qalar”. Müharibə vaxtı burada baş verənləri bütün dünya diqqətlə izləyirdi. Ermənistan üçün vəziyyət o qədər acınacaqlı idi ki, ehtiyatda olan yararsız hərbçilər də gecə vaxtı müharibə zonasına yola salınırdı. Şuşanın azad olunması əməliyyatında Azərbaycan Ordusunun bütün qoşun növləri Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən ideal şəkildə koordinasiya edilirdi. Verilən əmrlər hərbçilər tərəfindən vaxtında və dəqiq yerinə yetirilirdi. Müharibə başlayandan qüdrətli ordumuzun uğurlu əməliyyatlarını həzm edə bilməyən erməni və ermənipərəst təbliğatçılar Ermənistan ordusunun döyüş meydanını kütləvi şəkildə tərk etməsini geri çəkilmə taktikası kimi qələmə verirdilər. Düşmənə geriyə baxmağa imkan verməyən ordumuz müharibə dövründə bircə dəfə də olsun, bircə addım da olsun, geri çəkilmədi. Şuşa uğrunda gedən şiddətli savaşda rəşadətli Azərbaycan Ordusu sübut etdi ki, döyüşçülərimizin gücü, peşəkarlığı düşmənlə heç bir müqayisəyə gələ bilməz. Şuşa döyüşlərində Azərbaycanın bütün bölgələrindən olan qəhrəman oğullar böyük şücaət göstərdilər. Bəli, müzəffər Ordumuzun qəhrəman cəngavərlərinin qəlbində alovlanan Vətən eşqi işğal altında olan bütün yüksəklikləri azad etdi. Şuşa fatehləri keçilməz qayaları qalxmaqla həm Şuşanı azad etdi, həm də, dünya hərb tarixinə öz şərəfli adlarını yazdılar. Müharibənin bütün anlarında ölümlə üz-üzə olan hərbçilərimiz Şuşa döyüşlərində ilk dəfə düşmənlə üz-üzə gələrək əlbəyaxa oldular. Əlbəyaxa döyüşlərdə düşmən yaxasını geri çəkə bilmədi. Şuşa addım-addım geri alındı. Azərbaycan Ordusunun şiddətinə tab gətirməyən ermənilər Şuşadan üzüaşağı – Xankəndiyə qaçdılar. Son dayanacaqları da azərbaycanlıların uyuduqları köhnə qəbiristanlıq oldu. Məzarlıqların yanında özlərinə sığınacaq qazdılar. Bu, sözün həqiqi və məcazi mənasında, onların son mənzili oldu. Nəhayət, uzunsürən, həsrətlə gözlədiyimiz an yetişdi. Şuşaya üçrəngli dövlət bayrağımız sancıldı.
Uzun illərin qaranlıq gecələrindən sonra Şuşanın səhəri 8 noyabrda açıldı. 30 ilə yaxın müddətdə yaralı olan şəhərin yaraları indi qaysaq bağlayır. Azad şəhər qürurla dirçəlir. Burada indi gecə-gündüz tikinti abadlıq işləri aparılır, həyat öz axarına və tarixi ənənələrinə qayıdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası istiqamətində böyük layihələr həyata keçirilir. Qısa müddət ərzində Şuşanın Baş planı hazırlandı, görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarıldı, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları həyata keçirildi. Vaqif Poeziya Günləri və “Xarıbülbül” Musiqi Festivalı yenidən bərpa olundu. 2021-ci il may ayının 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” Musiqi Festivalına ev sahibliyi etdi. Ölkə Prezidenti, cənab İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Dövlətimizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Ölkə başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb. “Xarıbülbül” Musiqi Festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə, Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə, biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”. Bu gün, mühüm tarixi-mədəni əhəmiyyəti və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Əminik ki, 44 günlük Vətən müharibəsində 28 illik erməni işğalından azad edilən, vaxtilə tarixi-mədəni zənginlikləri ilə dünyada şöhrət qazanmış Şuşa şəhəri gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını layiqincə yerinə yetirəcək. Xatırladaq ki, 2022-ci il mart ayının 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Dekabr ayının 6-da isə, ölkə Prezidenti, cənab İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinə öz töhfəsini verəcəkdir. Bundan əlavə, 2022-ci ilin ölkə¬mizdə “Şuşa ili” elan edilməsi isə, böyük tarixi əhəmiyyətə malikdir. “Şuşa ili” çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri bu il aprel ayının 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı oldu. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Qurultayın azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşdü. Bu tarixi reallıq Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevin hərtərəfli düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev V Qurultayın işində deyib: “Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikirində deyildi”. Bəli, 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsi Şuşanın tarixi keçmişi, bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bu həm də, bütün dünyaya bir mesajdır. Dünya Azərbaycanın mədəniyyət paytaxtının əsl sahiblərinə qaytarıldıqdan sonra həyata keçirilən nəhəng layihələrin şahidi olacaqdır. 2021-ci il iyun ayının 15-də isə, Şuşa Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalandığı tarixi məkana çevrildi. Artıq bu dəfə dünyaya ötürülən əzmli və qətiyyətli mesajlar regionun iki nüfuzlu lideri – ölkə Prezidenti, cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dilindən çatdırıldı. Bu qətiyyətli mesajlar Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsi olaraq sarsılmaz dostluğu, əzmkarlığı, güclü sevgini, heç zaman parçalanmayacaq böyük vəhdəti nümayiş etdirdi. Ən əsası, bu mesajlar təhdidlər deyildi, onlar hər kəsi sülhə, inkişafa, tərəqqiyə çağırırdı. Qədim məkanımız Şuşadan səslənən bu gözəl mesajlar ölkəmizin möhtəşəm tarixinə yeni bir səhifə yazdı. Şuşa Bəyannaməsi, eyni zamanda 100 il əvvəl – 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd oldu. Qars müqaviləsinə istinad edilən Bəyannamə də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, Silahlı Qüvvələrimizin müasir çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər nəzərdə tutulur. Bəyannamə Ermənistanın Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü iddialara da son qoyur. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyünə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onun aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək. Bu Bəyannamənin imzalanması, hər iki ölkə liderinin verdiyi bəyanatlar iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafına öz ciddi töhfəsini verməkdədir. Müstəqillik, yalnız cəsurların sinə gərə biləcəyi bir sınaqdır. İşğalçı qüvvələrin qarşısına yenilməz iradə ilə çıxmaq bəzən var olmağın yeganə şərtinə dönür. Şuşaya çatmaq, oradan bütün Qarabağa baxmaq Vətən müharibəsində bizim ən böyük hədəfimiz idi. Azərbaycan əsgəri də bunun haqqını artıqlaması ilə həm də, qəhrəmancasına verdi. Bu gün, Zəfərimiz Şuşa ilə bütövdür, tamdır. Elə, buna görə biz hər dəfə bu Zəfərə Şuşa zirvəsindən baxacağıq.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri