“Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün hər iki xalq bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramoov qeyd edib ki, martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizdə səfərdə oldu. Şübhəsiz, bu səfər iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə öz növbəti töhfəsini verəcək. Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da, bunun bir daha təsdiq edir. Dövlət başçımız bildirdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır: «Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.» Dövlət başçımız bəyan etdi ki, Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Burada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq.
Deputat diqqətə çatdırıb ki, bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. XXI əsrin tarixi hadisəsi adlandırılan Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir. Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir.
K.Bayramov vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən ildəkindən təxminən 15 faiz artıb. Eyni zamanda, Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Prezidentin qeyd etdiyi kimi, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
K.Bayramov əlavə edib ki, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir”.