Heç kimə sirr deyil ki, tarixi qələbələr, yalnız mübarizə meydanında qazanılır. Qazanılmış qələbəni qoruyub saxlamaq, onun nəticələrini möhkəmləndirmək isə, təbii ki, sülh dövrünün işidir. Ona görə tarix boyu o xalqlar, dövlətlər yekunda qalib çıxırlar ki, sülh tərəfdarı olsun, məramı sülhə yönəlsin və sülhü insanın həyati məqsədi kimi qəbul etsin. Ən əsası isə, sülhə inkişaf, tərəqqi və insanın rifahının yüksəldilməsi üçün əlverişli mühit kimi baxsın. Məlumdur ki, Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb, region ölkələri – Azərbaycan, Gürcüstan, Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin Yerevanla Bakı arasında uzun illər davam etmiş münaqişə, bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi, bu regionda geosiyasi mənzərəni dəyişib. Azərbaycanın ağır siyasi-ictimai durumunda Ümummilli Lider Heydər Əliyev nəinki son nəfəsinə qədər bütün vücudu ilə xidmət göstərdiyi dövlətin rifahını labüd edən layihənin, həmçinin, bütün Qafqazda sülhün, əmin-amanlığın, siyasi sabitliyin, iqtisadi-mədəni inteqrasiyanın müəllifi kimi çıxış etdi və “Qafqazda sülh”, “Ümumi Qafqaz evi” ideyasını irəli sürdü. Bəli, məhz Heydər Əliyev bütün Qafqaz bölgəsində sülhün yaradılması təşəbbüsü ilə çıxış edib, onun təklifi ilə imzalanmış “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Tbilisi Bəyannaməsində “Ümumi Qafqaz evi” ideyası dəstəklənib. Ulu Öndər Heydər Əliyev ATƏT-in İstanbul zirvə görüşündə “Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktı”nın yaradılması təklifi ilə çıxış edib, bu təklif bir çox region dövlətləri tərəfindən müdafiə olunub. Nəzərə almaq lazımdır ki, bütün bu əməkdaşlıq təşəbbüsləri Ermənistanın Azərbaycanın 20 faiz əzəli torpaqlarını işğal etməsi, status-kvonu hər vəchlə saxlaması, eyni zamanda regiondakı intensiv iqtisadi əlaqələrin bərqərar olmasını iflic vəziyyətə gətirməsi fonunda irəli sürülürdü. Cənubi Qafqazda sülh üçün regional inteqrasiya vacibdir. Bu gün, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı zərurətə çevirir. Əlbəttə ki, regionda dayanıqlı sülh və təhlükəsizlik, yalnız əməkdaşlıq yolu ilə bərqərar ola bilər. Azərbaycanda bu strategiyaya istər, Ulu Öndər Heydər Əliyev, istərsə də, onun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev sadiq qalıblar. Qarabağ ətrafında münaqişənin sülh danışıqları ilə nizamlanması səyləri uzun illər bütün dünyanın gözü qarşısında davam etdi, amma qarşı tərəfin qeyri adekvatlığı Vətən müharibəsini qaçılmaz məcburiyyətə çevirdi. 44 gün davam edən bu savaşda Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və nəticədə bölgədə yeni siyasi durum yarandı. Sülh danışıqlarına sadiqlik göstərilməklə yanaşı, dövlətimiz elə imkanlar formalaşdırırdı ki, hərbi əməliyyatlar başlanarsa, böyük itkilər olmadan, daha iri faciələrə yol açmadan cəmi bir neçə gün içində torpaqlarımız düşməndən təmizlənsin. Azərbaycan, yalnız sülh danışıqlarının artıq heç bir səmərəsinin qalmadığını anlayandan, eyni zamanda Ermənistanın hərbi-siyasi təxribatları dözülməz şəkil alandan sonra silaha əl atdı və 30 ilin münaqişəsini cəmi 44 gün içində həll etdi. Bununla da, işğalçıların torpaqlarımızdan çıxması barədə BMT-nin 30 ilə yaxın idi ki, kağız üzərində qalmış Qətnamələrini cəmi 44 gün müddətində icra etdi. Nəzərə almaq lazımdır ki, bu nəticənin özü də sülh dövrünün yaratdığı imkanlar sayəsində əldə olundu. Artıq, müharibə geridə qalıb və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl iş, diplomatik fəaliyyət sayəsində dünya birliyi Vətən müharibəsinin nəticələrini qəbul edir. Onlar, təbii ki, haqq savaşımızdakı qələbəmizə bizim üçün qaneedici səviyyədə münasibət göstərir. Əslində, bu münasibətin formalaşmasında da, Azərbaycanın sülh missiyasının böyük rolu vardır. Məsələlərə obyektivlik prizmasından yanaşan hər kəs ölkəmizin regiona sülh, təhlükəsizlik, davamlı inkişaf arzusunu görür və bu arzunun reallaşdırılması üçün ortaya qoyulan fədakar zəhməti dəyərləndirir. Haqlı olaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin gələcəyə strateji baxışında bölgənin sabahı aydın təsəvvür edilir. Əgər belə bir gələcəyi yaratmaq mümkün olarsa, Cənubi Qafqaz regionu qısa müddətdən sonra dünyanın böyük inkişaf məkanlarından birinə, sülh və inkişaf cənnətinə çevrilə bilər. Bunun üçün isə, təbii ki, Azərbaycanın xoş niyyətlərlə atdığı addımların qarşılığı verilməlidir. Azərbaycan regionda sülhə, sabitliyə sadiq bir dövlətdir və istər regional, istərsə də, bölgədən kənardakı dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi