Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunduqdan sonra dövlətimizin tarixində bir çox böyük əhəmiyyət daşıyan hadisələr baş vermişdir. Şübhəsiz ki, bunların arasında ən diqqətə layiqi cari ilin fevral ayında azad edilmiş doğma torpaqlarımız da daxil olmaqla, bütöv Azərbaycan ərazisində keçirilmiş Prezident seçkiləri və bu ilin sentyabr ayında baş tutan növbədənkənar Milli Məclis seçkiləridir. Bu tarixlərdə keçmiş məcburi köçkünlərimiz böyük qürur hissi ilə 30 illik həsrətlərinə son qoyaraq, azad olunmuş doğma yurdlarında öz səs vermə hüququndan yararlanmışdırlar. Cari ilin 23 sentyabrı Azərbaycan Respublikasının dövlətçilik tarixində növbəti mühüm hadisə – VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası ilə yadda qalmışdır. Bu mühüm iclas çərçivəsində Dövlət Başçımız İlham Əliyev çıxış edərək xalqımızın Zəfər tarixindən, doğma torpaqlarımızda gedən genişmıqyaslı bərpa və quruculuq işlərindən, dövlətimizin iqtisadi , siyasi, ideoloji, mədəni sahələrdəki uğurlarından, beynəlxalq aləmdə getdikcə artan nüfuzundan hərtərəfli bəhs etmişdir.
Cənab Prezident çıxışına Qarabağ müharibəsindəki Şanlı Zəfərimiz və 2023 – cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizi tam bərpa olunmasının dünya miqyasında tarixi hadisə olduğunu xatırladaraq başlamışdır. Dövlət Başçımız İlham Əliyevin vurğuladığı kimi 30 illik işğala son qoyulmasında Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının gücü qədər, Azərbaycan xalqının güclü iradəsi, birliyi, əzmi də mühüm rol oynamışdır. Xalqımız Vətən Müharibəsi müddətində Ali Baş Komandanımıza, Silahlı Qüvəllərimizin qəhrəman hərbiçilərinə bir an belə olsa inamını itirməmiş, bütün qəlbi ilə Şanlı Zəfər çalacağına inanmışdır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmiz qarşısında yeni üfüqlər açmış, Vətən müharibəsinin başa çatması ilə regionda yeni iqtisadi imkanlar yaranmışdır. Azad edilən torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin başlanması ilə , Qarabağ bölgəsi Azərbaycanın ümumi iqtisadi inkişafında önəmli rol oynamışdır.
Prezident İlham Əliyev, həmçinin Milli Məclisdə çıxışı zamanı beynəlxalq hüquq anlayışının tamamilə sarsıldığını, Azərbaycanın qarşısında böyük vəzifələr, o cümlədən ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsinin durduğunu, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, ATƏT-in Minsk qrupunun formal xarakter daşıdığını, Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırladığını diqqətə çatdırıb. Eləcə də dövlətimizin başçısı ölkəmizin müdafiə potensialının daha da gücləndirilməsi, o cümlədən yerli hərbi sənayekompleksimizi sürətlə inkişaf etdirməli olduğumuzu, daxili təhlükəsizliklə bağlı bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. Hazırda Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın. Onlar çalışır ki, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir yüksək səviyyədə təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini