Prezident İlham Əliyev: “Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq”.
Pakistan İslam Respublikasının dövlət rəhbərləri uzun illər idi ki, Azərbaycan Prezidenti İlham Əliyevi ölkələrinə rəsmi səfərə dəvət edirdilər. Cənab Prezident Pakistan İslam Respublikasına ilk dəfə 2017-ci ildə rəsmi səfər etmişdir. Həmin ilin martın 1-də Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilmişdir. Sammiti İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə görüşünə ev sahibliyi edən və təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan etmişdir. Bu Zirvə görüşü ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Həmin tədbirdə XIII Zirvə görüşünün sədri Prezident İlham Əliyevin təklifi ilə Pakistan seçilmişdir. Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələrin, xüsusən Azərbaycanla Pakistanın əməkdaşlığı daha da möhkəmləndirilmişdir. Xatırladaq ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
7 il sonra Prezident İlham Əliyev yenidən bu qardaş və dost ölkəyə səfər edib. Prezident İlham Əliyevin bu ölkədə nüfuzu keçirilən görüşlərdən bir daha aydın göründü. İyulun 11-də İslamabadda Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin adından Prezident İlham Əliyevin şərəfinə dövlət ziyafətinin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin adından rəsmi naharın verilməsi dövlətimizə və dövlətimizin başçısına olan səmimiyyətin bariz nümunəsidir. Azərbaycan Prezidentinin ali qonaq olaraq qəbul edilməsi və ən səmimi fikirlərin söylənilməsi həm də cənab Prezidentin yüksək nüfuzunun göstəricisidir. Bu həm də ondan irəli gəlir ki, Azərbaycana səfər edən digər ölkələrin rəsmiləri kimi Pakistan dövlət rəsmiləri də çox səmimi qonaqpərvərliklə qarşılanıb, ehtiram görüb və burada xoş anlar yaşayıblar. Prezident İlham Əliyev iyulun 11-də İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır: “Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır”.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də öz çıxışlarında dövlət başçımız və xalqımız haqqında qürurlandırıcı fikirlər söyləyib: “Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir…Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub”. Hər iki dövlət bir-birinə beynəlxalq dəstək veriblər. Qarabağ və Kəşmir məsələləri bu dövlətlərin və xalqların yaralı yeri olub. Uzun illər bu problem müzakirə edilib. Eynilik təşkil edən bu məsələlərin həllinə, təəssüf ki, real beynəlxalq dəstək olmayıb. Əksinə süni maneələr yaradılıb. Aparılan müzakirələrin, danışıqların heç bir effekti olmayıb. Cənab Prezident bəyanatında bu haqda da danışıb: “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”. Azərbaycan 30 il sonra öz hərbi gücü ilə Qarabağın işğaldan azadlığına nail oldu. Bu, həm də beynəlxalq aləmə hərbi güc nümayişi idi. Kəşmir məsələsinin hansı formada həll olunması da Pakistanın atacağı addımlardan asılıdır. Amma Azərbaycan hər zaman bu məsələdə qardaş dövləti dəstəkləyir. Dövlətimizin başıçısının bəyanatından da göründüyü kimi bu mövqe dəyişməzdir.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz müsbət təsirini göstərəcəyi şəksizdir. Cənab Prezident bəyanatında Pakistanla əməkdaşlığın şaxələnməsini önə çəkib: “Beləliklə, biz güclü tərəfdaşlığı nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də quracağıq. Baxın, bu gün nə qədər sənəd imzalandı. Biz həmin sənədlərin mübadiləsinin şahidi olduq. Onları mübadilə etmək çox vaxt apardı və təsəvvür edin ki, onların hazırlanması nə qədər vaxt tələb edib. Bu əsasla biz qarşılıqlı ticarətin həcmini birmənalı olaraq artıracağıq. Onlardan birini mən xüsusilə qeyd etmək istərdim. Bu, güzəştli ticarətlə bağlı sənəddir. Biz ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdik. Lakin bu, yalnız başlanğıcdır. Əlbəttə ki, həmin şəxsin üzərinə böyük məsuliyyət düşür. Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq”. Prezident İlham Əliyevin Pakistan rəsmiləri ilə görüşlərində də bu məsələlər daha çox diqqət mərkəzində olub. Bu və digər istiqamətlər üzrə fikir və təkiflər irəli sürülüb. Ayrıca Azərbaycan-Pakistan münasibətlərinin inkişafına dair imzalanan sənədlər də artıq perspektiv fəaliyyətlər üçün çox geniş yol açır.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent